Kartla ödəniş çoxalır

post-img

2024-ci il noyabr ayının sonunda ölkənin bankları və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 19 milyon 463 minə çatıb. Bu isə oktyabr ayına nisbətən 301 min ədəd çoxdur.

Mərkəzi Bankdan XQ-yə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,7 faiz, kredit kartları üzrə 3,2 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə artıb.

Bankın məlumatına əsasən, noyabr ayında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 939 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 978 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 957 milyon manatı POS-terminallar, 3,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64 faizini təşkil edib.

 

İqtisadiyyat