İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə ixracatçılarla görüş keçirilib. Dövlət rəsmiləri, sahəvi assosiasiyaların nümayəndələri və sahibkarların iştirak etdikləri tədbirdə il ərzində həyata keçirilən ixrac əməliyyatlarının nəticələri və 2025-ci il üçün müəyyənləşdirilən yeni hədəflər müzakirə edilib.
Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ixrac göstəriciləri və qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb, ixracın təşviqi mexanizmləri barədə məlumat verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında KOB-ların iqtisadiyyatda payının artması və sahibkarlara təqdim edilən dəstək mexanizmlərindən danışıb.
Tədbirdə, həmçinin Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi, Dövlət Vergi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri ticarətdə aktual məsələlər, eləcə də ticarət sazişlərinin əhəmiyyəti, elektron ticarət, tətbiq olunan güzəştlər, gömrük prosedurları və gömrük islahatlarına dair fikir mübadiləsi aparıblar.