İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Rəqabət terminlərinin izahlı lüğəti”nin təkmilləşdirilmiş 2-ci nəşri təqdim edilib. Rəqabət tənzimləmələrinə aid terminlərin yer aldığı lüğət müvafiq sahədə terminologiyanın anlaşıqlı formada izahını ehtiva edir və maraqlı tərəflərin maarifləndirilməsi məqsədi daşıyır.
Rəqabət tənzimləmələri zamanı istifadə olunan terminlərin nəzəri və praktiki əsasları da nəzərə alınaraq hazırlanmış lüğətin nəşrində məqsəd rəqabət iqtisadiyyatı və rəqabət hüququ sahəsində dövlət qulluqçularını, hüquqşünasları, iqtisadçıları, özəl sektorda çalışan müxtəlif peşə sahiblərini, tələbələri və ümumiyyətlə, rəqabətlə maraqlanan hər bir vətəndaşı maarifləndirməkdən ibarətdir.
Elektron nəşrdə rəqabət tənzimləmələrinə aid 160-dan çox termin yer alıb. Bu zaman terminlərin rəqabət qanunvericiliyindəki ümumi mənası nəzərə alınaraq milli qanunvericiliyə, beynəlxalq təşkilatların və bir sıra ölkələrin rəqabət siyasəti ilə bağlı nəşrlərinə istinad edilib. Bununla da, geniş ictimaiyyətin terminlərlə bağlı əhatəli məlumat əldə etmək imkanları təmin edilib.
Lüğətin ilk nəşrində istifadə edilən bir sıra terminlərin izahı genişləndirilib, praktiki nümunələr əlavə edilərək istifadəsi asanlaşdırılıb. Bundan əlavə, bir sıra yeni terminlər də bu nəşrdə lüğətə əlavə edilib və bütün terminlərin Rəqabət Məcəlləsinə uyğunlaşdırılması təmin edilib. Yeni nəşr rəqabət tənzimləmələri sahəsinə ictimai marağı artıracaq və maarifləndirmə prosesini sürətləndirəcək. Bu baxımdan lüğət ümumi istifadə üçün nəzərdə tutulub və normativ hüquqi akt xüsusiyyətlərini daşımır.
Qeyd edək ki, “Rəqabət terminlərinin izahlı lüğəti” elektron formatda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsinin “Məlumat mərkəzi” bölməsində yerləşdirilib.