Paytaxt ticarəti genişlənib

post-img

Bakı Şəhər Statistika İdarəsindən redaksiyamıza bildirilib ki, cari ilin yanvar–noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 31 milyard 599 milyon manat olub.

Qeyd edilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17 milyard 937 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz artaraq 13 milyard 662 milyon manata bərabər olub. İstehlak məhsullarının 35,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə paytaxt sənayesində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 48,4 milyard manata yüksəlib. Belə ki, sənaye məhsulunun 76 faizi mədənçıxarma, 20,8 faizi emal, 2,3 faizi elektrik enerjisi istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faizə çatıb. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7 faiz təşkil edib.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 2024-cü il dekabrın 1-nə olan vəziyyətə görə, 392,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 47,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Cari ilin yanvar–noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz artaraq 6 milyard 940 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyon 644 milyon manatlıq (95,7 faiz) xidmət göstərilib.

Bu ilin yanvar–noyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1milyon 613 min manata (ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz çox) çatıb. Hesabat dövründə hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 821 milyon manat olub ki, bu da ümumi dövriyyənin 50,9 faiz təşkil edib.

 

İqtisadiyyat