İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib.
Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun fəaliyyət planının tələblərinə əsasən təşkil olunan seminarda qida, qeyri-qida, tikinti, turizm, rabitə və telekommunikasiya sahələrində fəaliyyət göstərən biznes assosiasiyaları və sahibkarlıq subyektləri, eləcə də konsaltinq şirkətlərinin nümayəndələri ştirak ediblər.
Tədbirdə Dövlət Xidmətinin təbii inhisarlara nəzarət şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: Hökmran mövqe anlayışı, hökmran mövqedən sui-istifadə halları, haqsız rəqabət və iqtisadi təmərküzləşmələr” mövzusunda təqdimatla çıxış edib. Şöbə müdiri təsərrüfat subyektinin müvafiq bazarda hökmran mövqe tutmasına gətirib çıxaran müstəsna vəziyyət, rəqabətin məhdudlaşdırılmasına, o cümlədən haqsız rəqabətə səbəb olan hallar, təsərrüfat subyektlərinin bazar gücü, razılıq alınması tələb olunan təmərküzləşmələr ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Bundan əlavə, rəqabət orqanı tərəfindən həyata keçirilən dövlət nəzarətinin metodları, eləcə də rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri, maliyyə sanksiyalarından azadolma halları və güzəştlərlə bağlı Məcəllədə əks olunan müddəalar diqqətə çatdırılıb.