Azərbaycanda 2018-ci ildən bəri kiçik və orta biznes (KOB) subyektlərinin sayı 64 faizə yaxın artaraq 401 mini keçib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.
Ötən müddətdə KOB-ların yaratdığı əlavə dəyərin 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 20,1 milyard manata çatdığını bildirən agentlik rəhbərinin sözlərinə görə, ötən il bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 43,8 milyard manat təşkil edib ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,3 faizi deməkdir.
Hazırda ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının yeni çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən O. Məmmədov deyib ki, bu məqsədlə ölkədə müxtəlif strateji proqramlar həyata keçirilir, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır: “Sevindirici haldır ki, bizneslərin inkişafı sahədə dövlətimizin yaratdığı yeni təşkilati-hüquqi model və dəstək mexanizmləri beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi təqdir olunur”.