BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ötən ay Bakıda keçirilmiş 29-cu sessiyasından (COP29) sonra “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi reytinq tərtibatında dəyişiklik edib. Agentliyin təqdim etdiyi yenilənmiş yanaşmadakı dəyişikliklərin məqsədi cari bazar tendensiyalarını nəzərə almaq və təbii fəlakətlərə daha çox həssas olan ölkələr üçün borcun təbiətin mühafizəsi tədbirlərinə dəyişdirilməsi və ödənişlərin ertələnməsi kimi yeni mexanizmlərin qiymətləndirilməsində şəffaflığı təmin etməkdir. Bu barədə məlumat “S&P” reytinq agentliyinin hesabatında yer alıb.
Qurumun məlumatına görə, bu cür alətlər maliyyə resursları məhdud olan, borc yükü isə ciddi olaraq qalan həssas ölkələr üçün fiskal məkanı azad etməyə kömək edəcək. “S&P”nin hesabatında inkişaf etməkdə olan bazarlarda, o cümlədən yerli valyutalarda dayanıqlı borcun əhəmiyyətli artımı göstərilir. Bununla belə, aşağı gəlirli ölkələr borc yükünü artırmayacaq iqlim maliyyəsinə çıxışda çətinliklərlə üzləşməyə davam edirlər. Agentlik analitiklərinin fikrincə, borc yükünün hətta kiçik və ya müvəqqəti olaraq yüngülləşdirilməsi həssas dövlətlərə iqtisadi dayanıqlığı yaxşılaşdırmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox resurs yönəltməyə imkan verə bilər.
Yeri gəlmişkən, COP29-un əsas uğurlu nəticələrindən biri kollektiv məqsəd üzrə razılaşma – iqlimin maliyyələşdirilməsinə dövlət və özəl mənbələrdən hər il 300 milyard ABŞ dolları məbləğində vəsait ayrılmasına dair razılaşmanın əldə edilməsi oldu. Xatırladaq ki, bu, əvvəlki hədəfin üç qatı deməkdir. Elə “S&P” də hesab edir ki, bu, funksional qlobal karbon bazarlarının yaradılması istiqamətində mühüm addım olacaq. Bu məqsədin xüsusi əhəmiyyət daşımasına baxmayaraq, agentlik bildirir ki, onun həyata keçirilməsi ayrı-ayrı ölkələrin öhdəliyindən və imkanlarından, həmçinin özəl investisiyaların səfərbər edilməsindən və çoxtərəfli kredit təşkilatlarının dəstəyindən asılı olacaq.
“S&P Global Ratings”in hesabatında inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsinə olan artan ehtiyaclarının ödənilməməsinin uzunmüddətli iqtisadi və sosial riskləri artıra biləcəyini vurğulanır. İqlim təhlükələrinə qeyri-mütənasib şəkildə məruz qalan inkişaf etməkdə olan ölkələrin iqtisadi artımı və yoxsulluğun azaldılması ilə bağlı tədbirləri aşağı karbon texnologiyalarına əsaslanmadığından əsas karbon emissiyaçılarına çevrilmək riski ilə üzləşirlər. Bu da aşağı karbon texnologiyalarına keçid və davamlılığı yaxşılaşdırmaq üçün onların əhəmiyyətli investisiyalara ehtiyacı olduğunu göstərir. Həmin ehtiyacların ödənilməməsi istər yerli, istərsə də də qlobal miqyasda uzunmüddətli iqtisadi və sosial riskləri artıra bilər.
Qeyd edək ki, COP29-dan sonra ölkələrin öz milli müəyyənləşdirilmiş töhfələrini və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəcəkləri gözlənilir. Bu addımlar, xüsusilə fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün orta və uzunmüddətli hədəflərə yönəldiləcək. Bu baxımdan “S&P” hesab edir ki, iddialı maliyyə hədəfləri ölkələri daha ciddi planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına, xüsusən də inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli təsir göstərəcək.
Beynəlxalq reytinq agentliyi iqlim məqsədlərinin səmərəli həyata keçirilməsinə mane olan bir neçə amili fərqləndirir. Bunlara qeyri-kafi institusional dəstək (geosiyasi qeyri-müəyyənliyin qalması və milli strategiyaların dəyişməsinə görə), standartlaşdırılmış qarışıq maliyyə mexanizmlərinin olmaması və özəl kapitalı cəlb etmək üçün risklərin azaldılması alətlərinin olmaması daxildir. Qurumun dayanıqlı maliyyə ekspertlərinin fikrincə, bu maneələrin aradan qaldırılması dayanıqlılıq və xalis sıfır emissiya məqsədlərinə nail olmaq yolunda mühüm addım olacaq. Onlar düşünürlər ki, COP29 iqlim təşəbbüslərinin təşviqində mühüm mərhələ sayılsa da, qarşıya qoyulmuş məqsədlərə nail olmaq ölkələr və özəl sektor arasında əhəmiyyətli səylər və koordinasiya tələb edir. Elə “S&P”nin borc alətlətinin qiymətləndirməsinə yenilənmiş yanaşması da davamlı maliyyənin qlobal iqtisadiyyatın əsas amilinə çevrildiyini təsdiqləyir.