Meyvəçiliyə subsidiya dəstəyi genişlənir

post-img

Ölkə ərazisində intensiv meyvə bağlarının subsidiyalaşdırılması ilə bağlı tədbirlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyindən qəzetimizə verilən məlumatda bildirilir ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Qarabağ iqtisadi zonalarına daxil olan rayonlarda salınacaq intensiv ərik və şaftalı (nektarin) bağlarının hər hektarına görə fermerlərə 4 min manat birdəfəlik əkin subsidiyası ödəniləcək. 

Nazirliyin məlumatına görə, subsidiyanın verilməsi fermerlərin həmin bağlara görə çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması məqsədi daşıyır. Xatırladaq ki, bu subsidiya ən azı 3 hektar sahədə salınan, hər hektarda minimum 650 ting əkilən və damcı suvarma sistemi ilə təmin olunan bağlara şamil edilir.

Bununla yanaşı, regionlarda yeni salınan püstə bağlarına da birdəfəlik əkin subsidiyaları veriləcək. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ilin sentyabr ayının 1-dən etibarən Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi zonalarında dəniz səviyyəsindən 150 metrdən aşağı olan ərazilərdə salınacaq püstə bağlarının hər hektarına görə fermerlərə əkin üçün 3 min manat birdəfəlik subsidiya ödəniləcək. Bu növ subsidiyalar isə 2025-ci il mayın 31-dək damcı suvarma sistemi quraşdırılmış, hər hektarda ən azı 400 ting əkilmiş püstə bağlarının sahiblərinə veriləcək.

İqtisadiyyat