Qeyri-yaşayış sahələrinin istismarı asanlaşır

post-img

Məlum olduğu kimi, ölkə Prezidenti ­İlham Əliyev 2023-cü il iyunun 14-də  “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Sözügedən sənəd qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, eləcə də vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədi daşıyır. Həmin sənədə uyğun olaraq hazırda ölkə ərazisində qeyri-yaşayış obyektlərinin istismarına icazələrin verilməsinin asanlaşdırılması ilə bağlı tədbirlərin icrası davam etdirilir. 

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov mətbuata açıqlamasında ölkə rəhbərinin imzaladığı məlum fərmanı qeyri-yaşayış sahələrinin amnistiyası kimi dəyərləndirib: “Tutaq ki, kənd təsərrüfatı təyinatlı torpaqda qeyri-yaşayış obyekti tikilib, bu halda kateqoriya dəyişməsi üçün Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumların müvafiq razılıqları varsa, hüquqların qeydiyyatı sahəsində bizə müraciət edilir və biz həmin vəsatəti kateqoriya dəyişilməsi üçün Nazirlər Kabinetinə təqdim edirik”.

Belə müraciətlərin ilkin olaraq Fövqəladə hallar Nazirliyinə təqdim olunduğunu diqqətə çatdıran rəis müavini deyib ki, indiyədək 25 minə yaxın hüquq sahibinin müraciəti qeydə alınıb. Onun sözlərinə görə, nazirliyin, təqribən, 12-13 minə yaxın müraciəti əsasında Dövlət Xidməti tərəfindən yer quruluşu planları hazırlanaraq istismarın sənədləşdirilməsi üçün sistemə daxil edilib. “Müvafiq icra hakimiyyəti orqanından və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bizə daxil olan sənədlər əsasında, təqribən, 1500-ə yaxın mülkiyyət hüququ tanınıb. Proses davam edir. Mürəkkəb məsələlər çoxdur. Əksər hallarda bu tikililər mühafizə əraziləri, mühəndis-kommunikasiya qurğularının əhatə dairəsi və ümumi istifadədə olan ərazilərə düşdüyünə görə çoxlu təhlillər aparılır”, – deyə o əlavə edib.

İqtisadiyyat