Azərbaycan üzrə rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi planlaşdırılır

post-img

Telekommunikasiya, o cümlədən radio-televiziya yayımı sahəsi daim tərəqqidədir. İstər Ümummilli Lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin diqqət və dəstəyi sayəsində Azərbaycanda da bu sahə bütün dövrlərdə inkişaf edib. Belə ki, müstəqillik illərinin ilk vaxtlarından indiyədək müxtəlif sərəncam və fərmanların imzalanması və icrası nəticəsində bu sahədə bir çox işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda keçirilən seminarda söyləyib.

O bildirib ki, tikintisi yarımçıq qalmış Bakı Teleqüllə Kompleksinin Ümummilli Lider Heydər Əliyevin birbaşa tapşırığı ilə inşaat işlərinin bərpası və 1996-cı ildə istismara verilməsi bu sahədə baş vermiş ən böyük hadisələrdən biridir. Məhz bu unikal qurğunun imkanları sayəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində ozamankı dövrün qabaqcıl texnologiyası hesab edilən FM radio yayımlarına başlanılıb.

“Qarşıdakı illər ərzində ölkə üzrə rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi planlaşdırılır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 24-də "Azərbaycan Respublikasınin ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin  ayrılması haqqında" Sərəncamı indiyədək radioyayım sahəsinin inkişafı üçün göstərilən ən böyük dövlət dəstəyidir. Bu Sərəncama əsasən 13,7 milyon manat vəsait ayrılıb. Sözügedən vəsait hesabına FM yayımların bütün ölkə ərazisində genişləndirilməsi təmin edilib.

Yayım şəbəkəsinin inkişafı nəticəsində 17 Radio-Televiziya Yayım Stansiyası vasitəsilə 15-dək milli radioproqramın bütün ölkə ərazisində yayımı mümkün olub. Son nəticədə ölkə əhalisinin milli radio proqramlarına əlçatanlığı təmin edilib.

Həmçinin Sərəncamda radioyayımçıların 3 illik istismar xərcinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulub ki, bu da öz növbəsində radioyayımçılara ciddi dövlət dəstəyidir", - deyə nazir müavini əlavə edib.

İqtisadiyyat