Bu gün sənaye sektoru ölkə iqtisadiyyatında mühüm istiqamətlərdən birini təşkil edir. Təsadüfi deyil ki, hazırda milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri də məhz sənaye sektorunun payına düşür. Xüsusilə, ölkəmizdə mühüm prioritet kimi qəbul edilmiş qeyri-neft sektorunun inkişaf etdirilməsi milli sənayedə şaxələndirməni təmin edir, əhali məşğulluğunda məmnunluq yaradır. Bu sahədə diqqət çəkən əsas amillərdən biri də aparılan sənayeləşmə siyasətində qabaqcıl dünya təcrübəsinə istinad olunmasıdır. Ölkəmizdə son illərdə yaradılan sənaye parkları şəbəkəsi də bunu bir daha təsdiq edir.
Sahibkarlar üçün əlverişliyi təmin edən, investisiya maraqlarını stimullaşdıran bu cür sənaye parkları, sözün əsl mənasında, işləmək istəyənlər üçün əsl fürsət
hesab edilir. Çünki sənaye parkları üçün infrastruktur təminatı bir qayda olaraq dövlət vəsaiti hesabına yaradılır, həmçinin sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, eləcə də gömrük rüsumundan azad olunurlar.
Bununla yanaşı, sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan şəraitdən faydalanaraq yeni istehsal sahələrinin yaradılmasına sərmayələr yönəldirlər. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvan Sənaye Parkının yaradılması haqqında 5 dekabr 2024-cü il tarixli Fərmanı da bu və digər əhəmiyyətli tərəfləri ilə sdiqqət çəkir.
Qeyd edək ki, muxtar respublikanın zəngin faydalı qazıntı yataqları burada bir çox sənaye müəssisələrinin fəaliyyəti üçün mühüm xammal bazasıdır. Təsadüfi deyil ki, hələ sovetlər birliyi dönəmindən muxtar diyarda şüşə qablar, redioelektronika, travertin, xalçaçılıq, alt trikotaj və bir digər sahələr üzrə böyük sənaye müəssisələri fəaliyyət göstərib. Həm aqrar, həm də sənaye istiqamətləri üzrə mövcud potensial muxtar respublikanın yerli istehsalında mühüm rol oynayıb.
Müasir dövrdə isə mövcud potensialdan səmərəli istifadə üçün bir çox rentabelli yollar var ki, onlardan biri də məhz yeni sənaye parklarının yaradılmasıdır. Bu mənada ölkə başçısının muxtar respublika ilə bağlı növbəti fərmanı təqdirolunasıdır. Digər tərəfdən nəzərə alaq ki, ölkəmizdə müasir sənaye parklarının infrastrukturu, burada sahibkarların fəaliyyəti üçün dəstəkyönümlü tədbirlərin həyata keçirilməsi kifayət qədər investisiya cəlbediciliyi yaradır ki, bu da iş adamları üçün yeni fürsətlər yaradır. Artıq fərmanda da qeyd olunduğu kimi qısa müddətdə Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili üçün qısa müddətdə ərazinin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü il dövlət büdcəsindən 500 min manat vəsait də ayrılıb.
Vurğulamaq lazımdır ki, muxtar respublika ərazisində yeni sənaye parkının yaradılması üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək
avtomobil yolunun cənubunda 310 hektar torpaq sahəsinin seçilməsi də mühüm əhəmiyyət daşıyır. Belə ki, sənaye fəaliyyəti üçün Naxçıvan şəhərindən kənarda, eyni zamanda gediş-gəliş üçün yaxın məsafədə yerləşən ərazi, paralel olaraq Naxçıvanın Türkiyə vasitəsi ilə Qərbə, xüsusilə gələcəkdə Zəngəzur dəhlizi vasitəsi ilə müxtəlif istiqamətlərdə yük daşımalarına öz müsbət təsirini göstərəcək.
Məsələnin digər əhəmiyyətli tərəfi odur ki, Naxçıvan Sənaye Parkının yaradılması yaxın gələcəkdə muxtar respublikada əhali məşğulluğunun təmin olunmasında böyük rol oynayacaq. Gələcəkdə müxtəlif sahələr üzrə yaradılacaq sənaye rezidensiyaları burada kadr potensialının formalaşmasına təsir edəcək ki, bu da öz növbəsində yerli mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək. Bir sözlə, ölkə başçısının bu fərmanı Naxçıvanın sosial-iqtisadi inkişafının
gələcək hədəflərinə yönəlmiş növbəti addım olmaqla, regionun çiçəklənməsinə öz müsbət təsirini göstərəcək.
Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Naxçıvan