Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişinin 30-cu ildönümü konsorsium iştirakçıları üçün uğurlu texniki-iqtisadi göstəricilərlə əlamətdar olub. “BP-Azərbaycan” şirkətinin 2024-ci ilin 9 ayının nəticələrinə dair hesabatına əsasən, yanvar-sentyabr aylarında konsorsium iştirakçıları “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 402 milyon dollar, əsaslı məsrəflərinə isə 968 milyon dollar xərcləyiblər.
Bildirilib ki, bu il AÇG yataqlar blokunda yeni 4 ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanılıb. “Balaxanı” və “Fasilə” lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometr əraziləri əhatə edir. Proqramın ümumi dəyərinin, təxminən, 370 milyon ABŞ dolları, icra müddətinin isə 5 il (2024-2028) olacağı planlaşdırılır. Xatırladaq ki, tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik tədqiqatlar üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb. Hazırda isə əldə olunmuş məlumatların emalı davam edir.
BP şirkəti və tərəfdaşları bu ilin birinci rübündə “Yeni əsrin müqaviləsi” adlandırılan neft layihəsi çərçivəsində mühüm uğura imza atıblar. Belə ki, aprelin ortalarında AÇG yatağında quraşdırılmış sayca 7-ci platformadan ilk neft əldə olunub. “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasından neft hasilatına ötən ilin sonunda bu qurğudan qazılmağa başlanmış birinci quyunun istismara daxil edilməsi ilə start verilib. Platformada hazırda iki quyudan gündə, təxminən, 19 min barel neft hasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır. Bununla da, ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə, təqribən, 24 min barelə çatacağı gözlənilir.
2024-cü ilin 9 ayında “Azəri-Çıraq–Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. İlin ötən dövründə AÇG-də, ümumilikdə, 147 neft hasilat quyusu, 47 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Yanvar-sentyabr aylarında 7 hasilat platforması vasitəsilə gündə orta hesabla 339 min barel və ya ümumilikdə, təxminən, 93 milyon barel, yəni 13 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 23 min bareli “Çıraq”, 96 min 500 bareli “Mərkəzi Azəri”, 75 min 500 bareli “Qərbi Azəri”, 51 min bareli “Şərqi Azəri”, 57 min 400 bareli “Dərinsulu Günəşli”, 29 min 100 bareli “Qərbi Çıraq” və 6 min 500 bareli “Azəri-Mərkəzi-Şərqi” platformalarının payına düşüb.
AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, ilin əvvəlindən müqavilə sahəsində 11 neft hasilatı, 2 su və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanıb.
Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, “Azəri-Çıraq-Günəli” yataqlar blokundan xam neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. Bu ilin üç rübü ərzində Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə, isə 1,8 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylayıcı sisteminə ötürülüb. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də mövcud hasilatın pay bölgüsü sazişinə yeni bir əlavə imzalanıb. AÇG yatağının sərbəst təbii qaz ehtiyatlarının isə 4 trilyon kub futadək olması ehtimal edilir. Sözügedən sənədə uyğun olaraq SOCAR və AÇG tərəfdaşları sərbəst təbii qaz laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə “Qərbi Çıraq” platformasından ilkin quyu qazılır. Həmin quyu hasilat vasitəsilə qiymətləndirmə aparmağa imkan yaratmaq və bunun əsasında da gələcək işlənmə planlarını qurmaq baxımından olduqca əhəmiyyətlidir. Bu quyudan qaz hasilatına isə 2025-ci ildə başlanılacaq.
2024-cü ilin yanvar–sentyabr aylarında AÇG və “Şahdəniz” yataqlarından neft və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Ötən 9 ayda terminaldan 166 milyon barel neft və kondensat ixrac olunub. Bunun da 165 milyon bareli Bakı-Tbilisi-Ceyhan, 1 milyon bareli isə Bakı-Supsa kəmərlərinin payına düşüb.
Xam nefti dünya bazarına çıxaran Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri də fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin 2024-cü ilin 9 ayının nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 104 milyon dollar, əsaslı məsrəflərinə isə 28 milyon dollar xərclənib.
Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC kəməri ilə 2024-cü ilin sentyabr ayının sonunadək, təqribən, 583 milyon tondan çox (4,4 milyard barel) xam neft nəql edilib. Həmin neft həcmləri Ceyhanda 5786 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistan, eləcə də SOCAR-a məxsus digər neft həcmləri də nəql olunur.