Sumqayıt Kimya Sənaye Parkı modern nəhəngə çevrilir

post-img

Kompleksə indiyədək 5,5 milyard manat sərmayə yatırılıb

İndiyədək İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bu ilin 9 ayında sənaye parkının ərazisində 2,13 milyard manatlıq məhsul istehsal edilib. Yanvar-sentyabr aylarında 762,7 milyon manatlıq məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz çoxdur. Hesabat dövründə Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 15,6 faiz, ixracda isə 24,7 faiz təşkil edib.

Yeri gəlmişkən, Cənubi Qafqazın ən böyük istehsalat zonası sayılan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda həmin rezidentlərdən 24-ü fəaliyyət göstərir. Bu il isə sənaye parkında daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

Ötən müddətdə rezidentlər tərəfindən Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manat sərmayə yatırılıb, 6600-dən çox daimi iş yeri yaradılıb. Gələcəkdə isə mövcud layihələr üzrə parka əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, bunun da hesabına 2500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

İqtisadiyyat