Milanda keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Özbəkistanın nümayəndə heyəti beynəlxalq tərəfdaşlarla, o cümlədən “SpaceX”, “Surrey Satellite Technology” və “Ispace” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.
AZƏRTAC “uznews.uz” xəbər portalına istinadla xəbər verir ki, Azərbaycanın kosmik agentliyi olan “Azərkosmos” ilə birgə Yerin məsafədən zondlanması üzrə milli kosmik sistemin yaradılmasına dair mühüm tövsiyələr və qarşılıqlı faydalı təkliflər də nəzərdən keçirilib.
Qeyd olunur ki, ABŞ-ın “SpaceX” və Böyük Britaniyanın “Surrey Satellite Technology” şirkətləri Özbəkistanın milli kosmik proqramının hazırlanmasında ekspert məsləhətləri verməyə hazır olduqlarını bildiriblər.
Forum çərçivəsində agentliyin nümayəndə heyəti 30-dan çox görüş keçirib. Ən mühüm nəticə robot kosmik aparatlardan və digər texnologiyalardan istifadə etməklə Ayın tədqiqi üzrə ixtisaslaşmış Yaponiyanın “Ispace” şirkəti ilə anlaşma Memorandumunun imzalanması olub.
Bundan əlavə, Yaponiyanın Kyuşu Universiteti ilə aerokosmik mühəndislik sahəsində mütəxəssislərin hazırlanması üçün kurikulum tədris proqramının hazırlanması barədə razılıq əldə olunub.