Sənaye parkları milli iqtisadiyyatımızı modernləşdirir

post-img

Yeni istehsal zonalarında 14,5 milyard manatlıq məhsul buraxılıb

İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib. Sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 9400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bundan başqa, 2015-ci ildən bu il oktyabrın 1-dək sənaye zonalarında 14,5 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun 4,7 milyard manatlıq hissəsi ixrac edilib.

Azərbaycan iqtisadiyyatın bütün sahələrində, eləcə də sənayenin inkişafında böyük uğurlar əldə edir. Bu gün iqtisadi fəallığın artırılması, dayanıqlı inkişafın təmin olunması məqsədilə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal obyektlərinin, sənaye parklarının yaradılması da intensiv xarakter daşıyır.

Qeyri-neft-qaz sektorunda nəzərə çarpan müsbət dinamika həm də ölkəmizdə uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının mövcud sahədəki fəaliyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə investorların geniş cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib.

Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və mövcud sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur.

Qarabağın dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və bu sahəyə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.

Düşməndən xilas olunan torpaqlarımızın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb ki, bu da iş adamlarının sözügedən sənaye zonalarına marağının artmasına səbəb olub.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb.

Hazırda Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq burada sosial zonanın təşkili yekunlaşıb, parka ayrılan 190 hektar ərazi minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub. Həmçinin rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyətinin sədri Seymur Adıgözəlovun sözlərinə görə, cari il ərzində Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Artıq parkın ərazisinin 60 faizindən çox hissəsi sahibkarların uzun müddətlik istifadəsinə verilib.

Azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsində, eləcə də sənaye sahəsində məşğulluğun təmin olunmasında mühüm rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Cəbrayıl rayonunda yaradılıb.

Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınmasına imkan verir.

Sənaye parklarının qarşısına innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişaf etdirilməsi, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının gerçəkləşdirilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin yüksəldilməsi, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması kimi məsələlərə xüsusi önəm verilib.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında indiyədək bir sıra stimullaşdırıcı tədbirlər tətbiq olunub. Məsələn, Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

 

İqtisadiyyat