Qlobal mühitdə iqlim dəyişikliklərinin yaratdığı risklər əsas çağırışlardan biri olaraq qalmaqdadır. Yaşıl iqtisadiyyata keçid prioritet olmalıdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən "Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu"nda deyib.
O bildirib ki, yaşıl iqtisadiyyata keçid olmadıqda uzunmüddətli dayanıqlı iqtisadiyyatı təmin etmək mümkün olmaz.
"Mərkəzi Bank maliyyə sektorunun dayanıqlılığına da cavabdehdir. Yaşıl maliyyənin yaradılması çox vacibdir. Mərkəzi Bank ötən il dayanıqlı maliyyə inkişafı üzrə Yol xəritəsi tərtib edib. Yol xəritəsinin əsas və ilk təşəbbüslərindən biri yaşıl maliyyə taksonomiyasının hazırlanmasıdır. Artıq taksonomiya hazırdır. Bəzi texniki məqamlar qalıb və ondan sonra təsdiq üçün hökumətə veriləcək", - deyə Taleh Kazımov vurğulayıb.
AMB-nin sədri əlavə edib ki, yaşıl istiqraz haqqında Mərkəzi Bank hüquqi bazanı formalaşdırıb: "Son üç ildə kredit portfeli 18,4 faiz artıb. Banklar COP29 ərəfəsində maliyyə öhdəliklərini elan edəcəklər.
Mərkəzi Bank, həmçinin Yol xəritəsində insan kapitalının inkişafına fokuslanıb. Hər bir ölkə, eləcə də Azərbaycan üçün bu istiqamət yenidir".