Ölkəmiz bu məhsulun 4-cü iri ixracatçısıdır
Son illər ölkəmizin qeyri-neft sektorunun ixracında mühüm rol oynayan kənd təsərrüfatı dövlətin gücləndirilmiş dəstəyi və davamlı islahatların aparılması nəticəsində əhəmiyyətli dərəcədə inkişaf edib, bu sahə əldə olunan yüksək göstəricilərlə xüsusi diqqət çəkib. Məhsuldarlığı və istehsalı artıran “ağıllı” kənd təsərrüfatı prinsiplərinin tətbiqi aqrar iqtisadiyyata böyük töhfə verib. Bu, respublikada kənd təsərrüfatının ənənəvi və önəmli sahələrindən biri olan fındıqçılıqda da özünü qabarıq göstərib.
Prezident İlham Əliyev çıxışlarının birində bu barədə danışarkən deyib: “Şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığa xüsusi diqqət yetirilir. Bir neçə il bundan əvvəl mövcud bağların sahəsi 32 min hektar idi. Bir neçə il ərzində bu, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində 80 min hektara çatdırıldı”.
Dövlətimizin başçısı daha sonra bildirib ki, şimal-qərb bölgəsində yaşayan insanlar üçün əsas qazanc mənbəyi fındıqçılıqdır. Hazırda Azərbaycan dünyada fındıq ixrac edən ölkələr arasında ön sıralarda qərarlaşır. Fındıqçılıq çox gəlirli, perspektivli bir sahədir. Bizim iqlimimiz buna uyğundur. İsmayıllı rayonundan ta Balakənə qədər, eyni zamanda, cənub zonasında, həmçinin Xaçmazda, Qusarda fındıqçılığın çox böyük perspektivləri var. Statistik rəqəmlər də ölkəmizdə fındıqçılığın hər il artan dinamika ilə inkişaf etdiyini göstərir. Məsələn, 2021-ci ildə 49 min ton, 2022-ci ildə 51 min ton, 2023-cü ildə 75 min ton fındıq istehsal edilməsi qeyd olunan fikrin bariz ifadəsidir.
Yeri gəlmişkən, bu sektor artan əkin sahələri, əlverişli iqlim və dövlətin strateji təşəbbüslərinin sinerjisi nəticəsində qeyri–neft sektorunun ixracına mühüm töhfə verir. Həyata keçirilən kompleks tədbirlər hesabına ölkəmiz qlobal səviyyədə dünyanın ixrac liderləri arasında fındıqçılıqda mövqeyini getdikcə möhkəmləndirir. Beynəlxalq Ticarət Mərkəzinin 2023-cü il üzrə məlumatına görə, Azərbaycan qlobal meşə fındığı ixracatçıları siyahısında 4-cü yerdə qərarlaşıb.
Sıralamada isə ilk 3 pillədə Türkiyə (995,3 min ton – 53,8 faiz), Çili ( 232,6 min ton – 12,6 faiz) və İtaliya (185,8 min ton – 10 faiz) yer alıb. Beşliyi isə ABŞ (99,1 min ton – 5,4 faiz) tamamlayıb.
Ekspertlər bildirirlər ki, yüksək keyfiyyəti ilə yerli meşə fındığına beynəlxalq bazarlarda böyük tələbat formalaşıb. Hazırda əsasən Rusiya, Almaniya, İtaliya və İsveçrəyə satılan meşə fındığı 2023–2024-cü illərdə Ukrayna, Belçika, Estoniya və İsrail kimi ölkələrə də ixrac olunmağa başlayıb.
Azərbaycanda fındıq yığımının 99 faizi fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarının payına düşür. 2023–2024-cü illərin statistik göstəricilərinə görə, respublikada əsasən, 39 şirkət fındıq ixrac edir. Onlardan 34-nün illik ixracı 100 min dolları, 24-nün isə illik ixracı 1 milyon dolları üstələyir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan 59 milyon 275 min dollar dəyərində 9 min 672 ton meşə fındığı ixrac olunub. Qeyd edək ki, bu il xaricə satılan fındıq kəskin bahalaşıb. Belə ki, 1 kiloqram fındığın orta ixrac qiyməti 10,42 manata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,95 manat (23 faiz) çoxdur.
Xatırladaq ki, ötən ilin eyni dövründə fındığın ixrac qiyməti 8,47 manat təşkil etmişdi. Bu il ümumi ixracının 0,33 faizi, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 2,72 faizi fındığın payına düşüb.
Azərbaycanda fındıqçılıq geniş əkin sahələri və yüksək məhsuldarlıqla xarakterizə olunur. Belə ki, 2023-cü ilin sonuna fındıq əkmələrinin sahəsi 81 min 801,5 hektar təşkil edib. Cəmi məhsul yığımı isə ötən il 4,6 faiz artaraq 75 min 409,3 tona çatıb. Ölkəmizin ən çox fındıq bağlarının yerləşdiyi Şəki–Zaqatala və Quba–Xaçmaz iqtisadi rayonlarında 2023-cü ildə fındıq yığımı müvafiq olaraq 56 min 580,1 ton və 13 min 714,6 ton təşkil edib.
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması kimi strateji hədəfi olan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) kənd təsərrüfatı məhsullarının, xüsusilə, fındığın ixracının genişləndirilməsində və coğrafiyasının şaxələndirilməsində mühüm rol oynayır. İxracın təşviqi mexanizmlərinin tətbiqi vasitəsilə qeyri–neft ixracının stimullaşdırılmasına töhfə verən AZPROMO-nun dəstəyi ilə fındıq ixrac edən 9 yerli şirkət 2023-cü ildə “Anuga 2023” və 6-cı Çin Beynəlxalq İdxal sərgilərində, 2024-cü ildə isə “Foodex Japan 2024”, “Prodexpo 2024” və “Russia Halal Expo 2024” kimi sərgilərdə, eləcə də Cənubi Koreya şirkətlərinin Azərbaycana təşkil olunmuş alıcı missiyasının görüşündə iştirak edib.
Qeyd edək ki, son bir ildə sahibkarlara qeyri–ənənəvi bazarlara çıxmağa kömək etmək məqsədilə logistika subsidiyalarının verilməsi diqqətdə saxlanılıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2023-cü il sentyabrın 1-dən cari il mayın 31-dək boş olan meşə fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5 min manat məbləğində əkin subsidiyası ödənilib. Xatırladaq ki, subsidiya 1 hektarda minimum 330 ədəd ting əkilən və damcı suvarma sistemi ilə təmin olunan intensiv meyvə bağlarına aid edilib.
Subsidiya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilən tinglərin minimum sayının 90 ədəd olması müəyyənləşdirilib. Yeri gəlmişkən, Aqrar Subsidiya Şurasının qərarı fındıq üzrə əkin əmsalı Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Balakən, İsmayıllı, Zaqatala, Zəngilan, Xaçmaz, Xocavənd, Qax, Qəbələ, Quba, Qubadlı, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki, Şəmkir və Yardımlı rayonlarına şamil olunub.
Bununla yanaşı, son illər Azərbaycanda kənd təsərrüfatında sığorta mexanizminin tətbiqi də fermerləri fındıq yetişdirməyə həvəsləndirir. Artıq təsərrüfat sahibi əmindir ki, baş verə biləcək hər hansı təbii fəlakət səbəbindən dəymiş ziyanın qarşılanmasında Aqrar Sığorta Fondu onun yanındadır. Məlum olduğu kimi, fındıq sahələrinin sığortalanması zamanı bitkinin məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınır.
Onu da qeyd edək ki, qaydalara əsasən, hesablama aparılması üçün fındığın 1 hektar sahəsi üçün məhsuldarlıq və məhsulun qiymət normaları müəyyənləşdirilir. Daha doğrusu, sığorta fındığın bir hektarı üçün məhsuldarlıq normasına uyğun olaraq ödənilir. Bu da məhsulun bir sentneri üçün, təqribən, 350-550 manat təşkil edir.