Türkmənistanda Nəqliyyat Keçidləri üzrə Transxəzər Koordinasiya Platformasının işə salınmasına həsr olunmuş yüksəksəviyyəli görüş keçirilib.
AZƏRTAC Türkmənistan mediasına istinadla xəbər verir ki, tədbirdə Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Jutta Urpilaynen, Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktorunun müşaviri Henrik Hollouey, həmçinin Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistanın müvafiq nazirliklərinin nümayəndələri, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İslam İnkişaf Bankı və Dünya Bankının təmsilçiləri iştirak ediblər.
Tədbir əsnasında qeyd edilib ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında koordinasiya platformasının yaradılması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Avropa və Mərkəzi Asiyanı birləşdirən daha sabit və sürətli marşruta çevrilməsinə imkan verəcək.
Çıxışlarda diqqətə çatdırılıb ki, Avropa və Mərkəzi Asiya arasında tranzit əməkdaşlığının şaxələndirilməsinə həsr olunmuş bu beynəlxalq tədbir regional və regionlararası əlaqələrin təşviqi, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi, məhsuldar əlaqələrin qurulması, nəqliyyat-tranzit əlaqələrinin inkişafı, habelə qlobal təcrübə ilə tanışlıq üçün səmərəli platforma rolunu oynayır.
Görüş iştirakçıları bildiriblər ki, ixtisaslaşdırılmış infrastrukturun genişləndirilməsi və nəqliyyat əlaqələrinin gücləndirilməsi region ölkələrinin iqtisadi tərəqqisi üçün həlledici rol oynayır. Yeni koordinasiya platforması Trans-Xəzər nəqliyyat dəhlizinin dayanıqlığını artırmaq və onu Avropa ilə Asiyanı birləşdirən multimodal marşruta çevirmək üçün nəzərdə tutulub.
Yeni koordinasiya platforması dəmir yolu, avtomobil magistralı və liman infrastrukturuna investisiyaları stimullaşdıracaq, Avropa və Mərkəzi Asiya arasında iqtisadi əlaqələri gücləndirəcək, nəqliyyat dəhlizlərinin təhlükəsizliyini və dayanıqlığını yaxşılaşdırmağa kömək edəcək.
Platforma çərçivəsində əməkdaşlıq, həmçinin nəqliyyat sektorunda texnoloji innovasiyaların fəal tətbiqini nəzərdə tutur.