İxracın və İnvestisiyaların Təşviqi Agentliyi Azərbaycanla Pakistan arasında cari il iyulun 11-də İslamabadda imzalanan preferensial ticarət sazişi çərçivəsində bu ölkəyə yaxın gələcəkdə ixrac missiyasının təşkil olunmasını planlaşdırır.
Azərbaycan–Pakistan biznes forumunda bu barədə məlumat verən agentliyin icraçı direktoru Yusif Abdullayevin sözlərinə görə, ixrac missiyasının bu ilin sonu və ya 2025-ci ilin əvvəlində reallaşdırılması gözlənilir. Pakistan Azərbaycana “B2B” formatında görüşlərin keçirilməsini təklif edir. Ölkələrimiz ikitərəfli ticarət və əməkdaşlığın monitorinqini təkmilləşdirmək üçün uzunmüddətli və praktiki mexanizmin yaradılmasının zəruriliyi barədə razılığa gəliblər.
Pakistan Azərbaycan şirkətlərinin turizm, nəqliyyat, enerji təhlükəsizliyi və müdafiə sahələri daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığın inkişafına maraqlıdır. Bu ölkə respublikamıza təqdim etmək üçün 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli hazırlayıb.