Gələcəkdə Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək, lakin buna zaman lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev "mygov" platformasına dair sual-cavab sessiyasında deyib.
Ş.Əliyev bildirib ki, müxtəlif dövlət qurumları ilə xidmətlərin daha əlçatan və rahat formada "mygov" üzərindən təqdim edilməsi ilə bağlı işlər görülür.
"Bir müddət öncə Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələrinin inteqrasiya ilə bağlı işlər görmüşük. Növbəti mərhələdə məhkumluq haqqında arayışın "mygov"a gətirilməsi nəzərdə tutulub. Eyni zamanda, mobil notariatın bütün funksionallıqlarının "mygov"a gətirilməsi planlaşdırılır. Bu proses hələ ki davam edəcək və digər dövlət xidmətlərinin də "mygov"a inteqrasiyası istiqamətində işlər görülür", - deyə o əlavə edib.