Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-avqust aylarında 42,4 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı eyni səviyyədə qalıb, qeyri-neft-qaz sektorunda isə 7,8 faiz artıb.
Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda, 29,9 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,1 faiz artıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 72,2 faiz, əczaçılıq məhsullarının istehsalı 69,4 faiz, elektrik avadanlıqlarının istehsalı 39,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 36,7 faiz, mebel istehsalı 31,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,8 faiz, hazır metal məmulatlarının istehsalı 23,3 faiz, tikinti materiallarının istehsalı 23 faiz, içkilərin istehsalı 16,5 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,7 faiz, kağız və karton istehsalı 7,2 faiz, qida məhsullarının istehsalı 7,1 faiz, neft məhsullarının istehsalı 3,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1 faiz artıb, geyim istehsalı 0,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8 faiz, sair sənaye məhsullarının istehsalı 8,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 14,4 faiz, poliqrafiya məhsullarının istehsalı 19,9 faiz, maşın və avadanlıqların istehsalı 29,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,6 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,8 faiz artıb.