“Makroiqtisadi dayanıqlıq üzrə işçi qrupu”nun növbəti iclası keçirilib

post-img

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış “Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupu”nun sayca üçüncü iclası keçirilib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, sədrliyi Mərkəzi Banka həvalə edilmiş “Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupu”nun iclasında “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2024-cü ilin birinci yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat təqdim olunub. Həmçinin həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində İşçi qrupunun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbəti addımlar müəyyən edilib.

Mərkəzi Bankın sədrinin birinci müavini və işçi qrupunun sədri Rəşad Orucov strategiya istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş təşəbbüslər barədə məlumat verib.

İclasda Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Fondunun, İpoteka və Kredit Zəmanət Fondunun, Əmanətlərin Sığortalanması Fondunun və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.

İqtisadiyyat