“Az-Tex-Import” MMC-in “IVECO” brendi altında istehsal edəcəyi yük avtomobillərinin, təxminən, 70 faizi ixraca yönəldiləcək.
“Araz Vadisi İqtisadi Zonası” və Sumqayıt Kimya sənaye parklarının rezidenti “Az-Tex-Import” MMC-nin təsisçisi Samir İbadullayevin qəzetimizə bildirdiyinə görə, “IVECO” avtomobillərinin Türkiyə, Gürcüstan, Rusiya və İrana ixracı planlaşdırılır: “Azərbaycan bazarında məhsullarımıza kifayət qədər tələbat var. Daxili tələbatı ödəməklə yanaşı, xaricə də məhsul göndərəcəyik. Biz ixraca daha çox maraq göstəririk”.
S.İbadullayev qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək müəssisədə il ərzində 100 ədəd yüngül, orta və ağır tonnajlı yük avtomobili istehsal olunacaq: “Artıq sifariş edilən ilk 12 avtomobilin hissələri yaxın günlərdə Azərbaycana gətiriləcək. Noyabr ayında Sumqayıtda istehsala başlamaq planlaşdırılır. Gələcəkdə orta və kiçik tutumlu sərnişin avtobuslarının buraxılması da nəzərdə tutulur”.
Qeyd edək ki, “Az-Tex-Import” MMC Cəbrayılda da “IVECO” brendinin yüngül tonnajlı yük avtomobillərini istehsal edəcək. Artıq həmin ərazidə müəssisənin inşasına başlanılıb. Zavodda 80 nəfər işlə təmin olunacaq.