ABŞ ilə ticarət 73 faiz artıb

post-img

Bu ilin ilk yarımilində Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət dövriyyəsi 436 milyon 484 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz və ya 184 milyon 187 min ABŞ dolları artıb.

Hesabat dövründə Azərbaycandan ABŞ-yə qeyri-neft məhsulları ixracı 31,8 dəfə artaraq 164 milyon 482 min dollara, ABŞ-dən Azərbaycana ixrac isə 10 faiz artaraq 272 milyon dollara bərabər olub.

Hesabat dövründə Azərbaycandan ABŞ-yə əsasən, qara kürü, mineral və ya kimyəvi azot gübrələri, tərkibində silisium olan ferrosilisium ərintiləri, alüminiumdan çubuqlar, profillər, qapılar, pəncərələr, alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, mebellər və digər məhsullar ixrac edilib. Qeyd edək ki,  ilin ilk yarımilində iki ölkə arasında ticarət dövriyyəsi respublikamızın ümumi ticarət dövriyyəsinin 2 faizinə bərabər olub.

Xatırladaq ki, cari ilin I yarısında Azərbaycanın ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları, qeyri-neft ixracı isə 1 milyard 596 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat