Sünbülqıranların Kürdəmir “yürüş”ü

post-img

Redaksiyamızın qaynar xəttinə daxil olan məlumata görə, Kürdəmir rayonunda təsərrüfatlar gəmiricilərin hücumuna məruz qalıb. El arasında “sünbülqıran” kimi tanınan boz siçan Kürdəmirin Qarasaqqal kəndindəki əkin sahələrini viran qoyub. Sürətlə çoxalan zərərvericilərə artıq rayonun bütün kəndlərində rast gəlmək mümkündür.   

Fermer Rövlan Ələkbərov həyəcan təbili çalaraq bildirir ki, dövlət qurumları vaxtında lazımi tədbirlər görməsə, təsərrüfata çəkilən zəhmət hədər gedəcək. Onun sözlərinə görə, sahələrin yarıdan çoxunu əkən kəndlilərin məhsulunun bir hissəsi artıq məhv olub: “Respublika səviyyəsində fövqəladə vəziyyət yaranıb. Sahələrimizin hər kvadratmetrində sünbülqıranların 5-6 yuvası var. Vəziyyət böhranlı hal alıb. Təkcə mənim 30 tona yaxın məhsulumu 2 gecədə sünbülqıranlar dağıdıb. Fəlakətin miqyası gün keçdikcə artmaqda davam edir. Ötən ildən qalan məhsullardan əlavə, hazırda yemiş sahələrini, nar ağaclarını, üzüm tinglərini zərərvericilər dağıdırlar. Tərəvəz, bostan məhsullarını, hətta tut ağaclarının yarpaqlarını belə yeyirlər. Durum acınacaqlıdır. 

Oktyabr ayında əkinə başlamalıyıq, indiki vəziyyətdə isə bu, qeyri-mümkün görünür. Ötənilki məhsula görə yox, gələcək üçün təşvişə düşmüşük. Vəziyyət elə ağırdır ki, 1 sot torpaqda belə əkin apara bilməyəcəyik”.

Fermer daha sonra deyir ki, gəmiricilərin qarşısını almaq çox çətindir və yalnız bir neçə fermerin bu halla mübarizəsi heç bir müsbət nəticə vermir. 

“Bir cüt sünbülqıranın zaman keçdikcə nə qədər bala verəcəyini düşünəndə vəziyyət daha da vahiməli görünür. Biz  fermerlər dövlət səviyyəsində yardım istəyirik. Vəziyyətimiz acınacaqlıdır. Bu, artıq bizim həll edə biləcəyimiz iş deyil. Fermerlərin tək-tək bu ziyanvericilərin kökünü kəsməsi real görünmür. Mən öz sahəmi dərmanlasam da, qonşu sahələrdən yenə gələcəklər”. 

Rövlan Ələkbərovun sözlərinə görə,  dövlət qurumları məsələyə müdaxilə edib mütləq genişmiqyaslı tədbir görməlidir. Sünbülqıranlar çəyirtkə, sovka, qurd və digər həşəratlar kimi deyil, yerin altında olurlar. Həşəratların qarşısını almaq üçün sahəyə dərman səpmək olur, amma sünbülqıranların kökünü kəsmək üçün gərək bir-bir yuvalarının ağzına çay qaşığı ilə zəhərli buğda səpəsən. Bunu etmək üçün minlərlə işçiyə ehtiyac var. Gəmiriciləri məhv etmək üçün rayona xüsusi dərman perapatları gətirilməli, fermerlərə paylanılmalıdır.

İqtisadiyyat