“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

post-img

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən və 60-dan çox dövlət qurumunun 80-dən çox səlahiyyətli nümayəndəsinin iştirak etdiyi “Rəqəmsal liderlik” proqramının növbəti görüşü Şuşa şəhərində keçirilib.

Tədbiri giriş nitqi ilə açan İRİA-nın sədr müavini Rəşad Xalıqov budəfəki “Rəqəmsal liderlik” görüşünün Şuşada keçirilməsinin rəmzi əhəmiyyətini vurğulayıb: ”Şuşa Zəfər tariximizin simvoludur, bizim üçün ilham mənbəyidir. Məqsədimiz ortaq səylərimizlə Azərbaycanın rəqəmsallaşmasını yeni zirvələrə yüksəltməkdir”.

Daha sonra mövzular üzrə sessiyalara start verilib. İlk olaraq İRİA-nın Monitorinq və hesabatlılıq şöbəsinin müdiri İlham Salmanov “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” mövzusunda çıxış edib. Çıxışında o, ölkənin rəqəmsal inkişaf konsepsiyanın təməl sütunları olan rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes, o cümlədən konsepsiyanın Əsas Hədəf Göstəriciləri və əldə olunan irəliləyiş barədə ətraflı məlumat verib. İ.Salmanov bildirib ki, indiyə qədər “Rəqəmsal liderlik” proqramı çərçivəsində vətəndaşyönümlü xidmətlər göstərən 7 dövlət qurumunun rəqəmsal transformasiya üzrə yol xəritələri razılaşdırılıb və yaxın zamanda icrasına başlanılacaq. “Bu prosesə cari ilin mart ayından ƏƏSMN ilə başladıq və ilin sonuna kimi 10 dövlət qurumunun rəqəmsal yol xəritəsinin tamamlanması nəzərdə tutulub”, – deyə o qeyd edib.

Növbəti sessiyada İRİA-nın Data təhlili şöbəsinin müdiri Behbud Ramazan data keyfiyyəti və data əsaslı qərarvermə sahələrində İRİA-nın qabaqcıl təcrübəsi haqqında təqdimat edib. Belə ki, İRİA 5 dövlət qurumu ilə data keyfiyyətinin artırılması məqsədilə finləşmə prosesinin təkmilləşdirilməsi layihəsini həyata keçirib. Bu prosesdə müxtəlif dövlət qurumlarının məlumat bazaları arasında müqayisəli təhlillər aparılmış və nəticə etibarilə datalar dürüstləşdirilmiş və zənginləşdirilmişdir. B.Ramazan, eyni zamanda, İRİA-nın data əsaslı qərarvermə istiqamətində qurumlarla fəaliyyətini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Müxtəlif dövlət qurumları üçün başlanğıc olaraq həm data mühəndisliyi, həm də analitik işlərin görülməsi, o cümlədən hesabatlılıq, audit və KPI göstəricilərinin ölçülməsi və real zamanda izlənilməsi üçün platforma hazırlanıb”. Əlavə olaraq, İRİA rəsmisi qeyd edib ki, bu mexanizm qurumlarda data əsaslı effektiv qərarvermə prosedurlarının sürətlənməsinə mühüm töhfə verəcək.

Proqramın ikinci günündə Strateji tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov “Rəqəmsal şəxsiyyət vəsiqəsi” mövzusu ilə çıxış edib. O, vətəndaşların “mygov” platforması üzərindən 4 fiziki sənədin eyni hüquqi əsasa malik rəqəmsal analoqundan istifadəsinin tezliklə mümkün olacağını bildirib. Təqdimatında o, həmçinin “mygov”dan əldə olunan məlumatların həqiqiliyinin yoxlanılması üçün tətbiq - “mygov Checker” haqqında ətraflı məlumat verib: “Bu tətbiqin xüsusiyyəti ondan ibarətdir ki, ‘mygov’la QR kod əsasında təqdim edilən məlumatın həqiqiliyini təsdiqləmək mümkündür ”.

Tədbirin ikinci gününün digər sessiyalarında beynəlxalq səviyyəli data mütəxəssisləri Vüsal Dadalov və İqbal Səfərov müvafiq olaraq “Data Lakehouse” və “Data əsaslı idarəetmə” mövzularında, o cümlədən İRİA-nın Data mühəndisliyi şöbəsinin baş mütəxəssisi Həsənağa Əliyev “Açıq məlumatlar portalı” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlar interaktiv sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, Şuşada baş tutan görüş “BESTCOMP Group” şirkətinin tərəfdaşlığı ilə keçirilib. Bundan əvvəlki “Rəqəmsal liderlik” görüşlərində, əsasən, vörkşoplar keçirilib və müxtəlif dövlət qurumlarını təmsil edən rəqəmsal transformasiya üzrə rəhbər şəxslərin bu mövzuda 500-dən çox təklifi toplanıb. Təkliflər müvafiq klasterlərə uyğun kateqoriyalaşdırılıb və rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanması zamanı nəzərə alınıb.

“Rəqəmsal liderlik” proqramının əsas məqsədi rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin və rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsi, o cümlədən rəqəmsallaşma sahəsində beynəlxalq rəqabətliliyin artırılmasına töhfə verməkdir.

İqtisadiyyat