“Yaşıl texnologiya”dan “yaşıl mədəniyyət”ə…

post-img

İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir ki, rəqəmsal transformasiyalar şəraitində “yaşıl texnologiya”larla  bağlı tədqiqatlar aparılır, “yaşıl iqtisadiyyat” və ekologiya kimi problemlərə böyük diqqət ayrılır.

Bu barədə AMEA-nın vitse-prezidenti, adıçəkilən institutun baş direktoru, akademik Rasim Əliquliyev deyib:

– Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verilir, ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiq olunması ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətində mühüm addım atılır.

Bu il ən böyük beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə ərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinə dair qərarı mühüm hadisə kimi diqqət çəkir. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyət daşıyır, iqlim dəyişikliyinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayır.

COP29 ölkəmizdə “yaşıl ideyaların” reallaşması istiqamətində institusional və kompleks tədbirlərin həyata keçirilməsinə təkan verəcək, dünyanın “düşünən beyinləri” ölkəmizdə cəmləşəcək.

Ənənəvi iqtisadiyyatın “yaşıl iqtisadiyyat”a transformasiya olunması üçün Azərbaycan cəmiyyətində “yaşıl mədəniyyət”in formalaşdırılmasına başlanılıb. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun alimlərinə “yaşıl ideya”, “yaşıl texnologiyalar” istiqamətində yeni təşəbbüslər irəli sürməklə bağlı tapşırıqlar  verilib. İnstitutda artıq  “yaşıl cəmiyyət”in formalaşması məsələləri ilə bağlı tədqiqatlara başlanılıb,  “yaşıl texnologiyalar”ın  tətbiqi istiqamətində aparılan işlərə, həyata keçirilən tədbirlərə elmi baxımdan ciddi dəstək verilməsi qərara alınıb.

İqtisadiyyat