“Amerikasayağı” demokratiya

post-img

Senator Rocer Uiker Azərbaycanı Rusiyaya qarşı qoymaq istəyir 

"Dünyada, xüsusən də Cənubi Qafqazda demokratiya və azadlıq ideyalarının yayılmasını puç etməyə çalışan qüvvələr var. Ermənistan bununla mübarizədə "böyük əzm" nümayiş etdirir".

Son aylar okeanın o tayından İrəvana təşrif buyuranların sayının və çeşidinin çoxalması bir sıra mətləblərdən xəbər verir. Məlum səbəblərdən birincisi odur ki, Vaşinqton Ermənistandan Rusiyaya qarşı “maşa” kimi istifadə etmək niyyətindən əl çəkməyib. Bundan az əhəmiyyət kəsb etməyən digər səbəb isə kollektiv Qərblə bir cəbhədən çıxış edən ABŞ maliyyə və hərbi yardımları ilə Ermənistanla Azərbaycan arasında “qüvvələr balansı” yaratmağa çalışır. Ağ Ev Administrasiyası, Konqres və Senatın rəsmi nümayəndələrinin Ermənistana bir-birini əvəz edən səfərləri məhz bu iki hədəfi reallaşdırmaqdan ötrü maraqlı “repitisiya” sayıla bilər.

Bu günlərdə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmilərinin ardınca İrəvana okeanın o üzündən daha bir “desant dəstəsi” göndərildi. Söhbət “qırğı” ləqəbli senator Rocer Uikerin başçılıq etdiyi Senatın ikipartiyalı nümayəndə heyətindən gedir. Yazımızın əvvəlində gətirdiyimiz sitat məhz senator Rocer Uikerin İrəvanda jurnalistlərə verdiyi açıqlamasındandır. Hayastan paytaxtında baş nazir və spikerlə görüşlərindən sonra müxalifətin təmsilçiləri ilə Ermənistanla Azərbaycanın şərti sərhədinə gedən “desantlar” Cermuk şəhərinə baş çəkməyi də unutmayıblar. Onları sərhədboyu turnedə Avropa İttifaqının Ermənistanda lövbər salmış mülki missiyasının “binokl diplomatları” müşayiət ediblər. Bunun ardınca mətbuat konfransı keçirən heyətin başçısı senator Uiker ABŞ-nin Ermənistanla təmaslarını artırmasını və bu fəallığın arxasında Cənubi Qafqazda  ümumi maraqların dayandığını etiraf edib. Senator açıq şəkildə bildirib ki, rəsmi Vaşinqtonun strategiyası Rusiyanın postsovet respublikalarına təsirini zəiflətməyə,  başqa sözlə desək, “böyük rus ayısı”nın emosiyalarını cilovlamağa yönəlib.

Yəni, Ağ evin bölgədə yürütdüyü siyasətin, dünyanın digər nöqtələrində olduğu kimi, Cənubi Qafqazda da öz mövqelərini gücləndirmək və Rusiyanı regiondan sıxışdırıb çıxarmaq strategiyası üzərində qurulduğunu ərz edən qoca senator bu zaman ABŞ-nin demokratiya və azadlıq prinsiplərini “rəhbər tutduğunu” önə çəkib. Bu kontekstdə özünün mübahisə doğuracaq fikirlərini açıqlayan Rocer Uiker Ermənistanın “mürəkkəb qonşuluq mühitinə” malik olduğunu, bir tərəfdən regionda böyük nüfuzu olan Rusiya, digər tərəfdən isə İran tərəfindən əhatə olunduğunu təəssüflə bildirib. Senatorun sözlərinə görə, Cənubi Qafqazda azadlıq və demokratiyanın bərqərar olmasını nə Moskva, nə də Tehran istəyir.

"Azadlıq və demokratiya oyunları" davam edir

ABŞ-nin xeyli müddətdir ki, məhz “demokratiya” və “azadlıq” şüarları altında postsovet dövlətlərinin taleyi ilə oynadığı artıq heç kəsə sirr deyil. Bu zaman “demokratiyanın beşiyi”ndən bizim bölgəyə göndərilən emissarların ritorikasının nə qədər dəyişkən, ikiüzlü və riyakar olduğu aşkar görünməkdədir. İrəvanda “amerikasayağı demokratiya”dan dəm vuran senator Uikerin sözlərinə görə, Ermənistan hökuməti Azərbaycanla tezliklə sülh sazişinin bağlanmasını, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılmasını, həmçinin Türkiyə ilə sərhədlərin açılmasını istəyir. Senator gəlişigözəl sözlərinə onu da əlavə edib ki, ABŞ bu məsələlərdə İrəvan və Bakını tam dəstəkləyir. Necə deyərlər, bura qədər senatorun avazı yaxşı gəlirdi. Fəqət mətbuat konfransında amerikalı senatorun birbaşa Azərbaycana xitabən dediklərinə fikir verin: “Diqqət edin, Azərbaycanın Putin Rusiyası ilə birləşməsi nəyə gətirib çıxara bilər? Azərbaycandakı dostlarımıza tövsiyə etmək istəyirəm ki, onlar azadlığın qiymətini və əhəmiyyətini anlamağa çalışsınlar. Biz bunu təcrübəmizdə dəfələrlə görmüşük. Mən Azərbaycana bu xəbərdarlığı çatdırmaq istəyirəm: ayıq olun ki, böyük “rus ayısı” yenidən Cənubi Qafqazda dominant mövqe tutmağa çalışmasın”.

Senator Uikerin İrəvanda dilə gətirdiklərinin diplomatik məntiqsizliyi nəinki təəssüf doğurur, həm də çaşqınlıq yaradır. O, ehtimal nəzəriyyəsinə söykənərək, Azərbaycanın Putin Rusiyasına birləşməsindən danışarkən konkret nəyi nəzərdə tutur? Məgər, o, bilmir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın Rusiyadan iqtisadi asılılıq kimi problemi yoxdur? Bəlkə Rusiyanın hərbi bazası, sərhəd qoşunları Ermənistanın deyil, Azərbaycan ərazisində yerləşir? Doğrudanmı hüquqşünas Uikerin Kremlə daha çox kimin – Bakının, yoxsa İrəvanın bağlı olmasından xəbəri yoxdur? Görünür, 73 yaşlı senatorun ya yaddaşı tükənmək üzrədir, ya da erməni konyakının dozası artıq düşüb.

Hətta, fərz edək ki, ABŞ senatorunun bizə ünvanladığı tövsiyəsinə əməl edərək, Azərbaycan Rusiya ilə qarşıdurmaya getdi. Bundan Bakı nə qazanacaq? Qərbin boş və quru vədlərini? Gürcüstanın, Ukraynanın və Moldovanın acı təcrübəsi belə şirin vədlərlə müşayiət olunan “məsləhətlərin” son aqibətini əyani şəkildə nümayiş etdirdi. Ağ Evin Kiyevə strateji silahların və ya F-16 qırıcılarının tədarükü ilə bağlı boş vədlərini və ya Ukraynada təcrübədən keçirilmiş, ABŞ Dövlət Departamentinin direktor müavini Sallivanın biabırçı “Rusiyanın uduzmasına imkan verməyin” modeli hələ yaddaşlardan silinməyib. Yəni, bu gün də okeanın o tayındakının  “Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın qalib gəlməsinə imkan verməyin” kimi təxribatçı çağırışlarının qüvvədə olmasını kimdən və necə gizlətmək mümkündür? Uzun sözün qısası, ABŞ-nin postsovet xalqlarının taleyi ilə oynamaq məqsədini güdən Uiker kimi siyasətçilərin avantürist bəyanatlarını nə vaxta qədər dinləməli olacağıq? 

Ağ ev ayrı, Senat başqa?

İrəvana səfərə gəlmiş ABŞ senatorunun saxta və bəlağətli jarqonunun arxasında gizlənənləri sadaladıq. Onun təmsil etdiyi siyasi elitanın Şərqi Avropada törətdiyi qanlı qırğınları, demokratiyanı korporativ maraqlarına qurban erməsini də “xidməti dosyelərinə” əlavə etsək, bu gün Ukraynada baş verənlərə təəccüblənməməliyik. Düz altı aydır Senatda bu ölkəyə hərbi yardımın artırılması ilə bağlı riyakar müzakirələr davam edir. Əlbəttə ki, onlar üçün bu barədə danışmaq çox asandır. Necə ki, respublikaçı senator – Senatın Silahlı qüvvələr komitəsinin üzvü Rusiyaya qarşı sərt mövqe tutmaq və mantra kimi ABŞ-nin nüvə arsenalını yeniləmək və ya Afrikada hərbi bazalarını yerləşdirmək, Cənubi Koreyada yerləşən hərbi bazalara nüvə başlıqları daşımaq barədə annotasiyaları təkrarlamaq rahatdır. Maraqlısı budur ki, Senatda gedən bu tip müzakirələri az sonra Vaşinqton supergücün rəsmi mövqeyi ilə üst-üstə düşmədiyi barədə açıqlamalar verir. Rəsmi təkzib bir yana, keçən ilin noyabrında həmin Uiker Prezident Co Baydenə məktub yazaraq, Ukraynaya uzaqmənzilli raketlərin verilməsini istəyib. 

Konqresdəki bəzi dinləmələri eşidəndə belə təsəvvür yaranır ki, ABŞnin qanunverici orqanı Rusiya, İran və KXDR-in koordinasiyalı davranışlarından özünə təhlükə görür. Bu, ABŞ-nin hərbi arsenalının zəiflədiyini göstərir. Və qoca və çılğın senator Rocer Uiker gördüyü həqiqətlə üz-üzə dayanaraq, İrəvandan Azərbaycana tövsiyələrini göndərir.

Senator Uikerə zəruri xatırlatma

Bu, həmin senator Rocer Uikerdir ki, 11 il bundan əvvəl Bakıya rəsmi səfərindən sonra “The  Washington Times” qəzetində Azərbaycanın ABŞ ilə tərəfdaşlığının bu regionda demokratiyanın inkişafı və təhlükəsizliyin təmin edilməsi üçün əlverişli şərait yaratdığı barədə məqalə dərc edib. Missisipi ştatını ABŞ Senatında təmsil edən Uiker həmin yazıda Azərbaycanı Qafqaz regionunun nüfuzlu lideri adlandırır. O, partnyor ölkə kimi Azərbaycanın dünya miqyasında tanınmasının Vaşinqtonun maraqlarına cavab verdiyini vurğulayır. Məqaləsində “Hər iki ölkə dünyada elə bir təhlükəsiz və firavan mühitin bərqərar olmasına çalışır ki, orada terrorçular əl-ayaq aça bilməsinlər, kütləvi qırğın silahlarından istifadə edilməsi halları azalsın” – qeyd edən senator ABŞ-nin Azərbaycanın öz sözünə sadiqliyinin dəfələrlə şahidi olduğunu deməyi də unutmur. 

Hamıya məlum faktdır ki, Azərbaycan 2001-ci il sentyabrın 11-də terrorçuların ABŞ-yə məlum təyyarə hücumlarından sonra terrorizmə qarşı mübarizədə və Əfqanıstanda “Sarsılmaz azadlıq” hərbi əməliyyatı zamanı ABŞni dəstəkləyib. Bu dəstək özünü rəsmi Bakının Amerika təyyarələrinə Azərbaycan səmasından Əfqanıstana uçuşlar həyata keçirmək hüququnun verilməsi, üstəlik, özünün mavi dəbilqəlilərini hərbi əməliyyatda iştirak etmək üçün Əfqanıstana göndərməsi kimi jestləri ilə təsdiqlənib. “The Washington Times”dakı məqalədə xüsusi olaraq vurğulanır ki, ABŞ-nin Xəzər hövzəsində Azərbaycan kimi sabit müttəfiq tapmaqda bəxti gətirib. Azərbaycanın əməkdaşlıqda davamlı etibarlılıq nümayiş etdirdiyini, müttəfiqlərin enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunu yüksək qiymətləndirən R.Uiker yazısında ABŞ-nin Azərbaycanda o zamankı səfiri Riçard Morninqstarın dediyi sözləri sitat gətirir: “ABŞ ilə Azərbaycan arasında bir sıra müştərək maraqlar Birləşmiş Ştatların xarici siyasətinin prioritetlərinə uyğundur”.

Bəs, 11 il əvvəl “Avropa, Asiya və Yaxın Şərqin qovuşduğu məkanda yerləşən, dinamik və müasir dövlət olan Azərbaycan ABŞ tərəfindən davamlı dəstəyə və diqqətə layiq olan müttəfiqdir” – yazan senator üçün indi nə dəyişib? Cavab əvəzinə müxtəlif səbəblər gətirilə, maraqlı versiyalar irəli sürülə bilər. Misal üçün, ya onu İrəvana gələnə qədər hayların ABŞ-dəki lobbisi “verbovka” eləyib, ya da qayıdandan sonra “xidmətinə görə” xüsusi qaydada mükafatlandırılacaq. Senator Rocer Uikerin indiki halında, ola bilsin ki, hər iki versiya öz təsdiqini tapsın...  

İmran BƏDİRXANLI

XQ

Ekspert rəyi

Əslində, Ermənistana səfər etmiş ABŞ senatorları, konqresmenləri təxribatla məşğul olurlar. Okeanın o tayındakı Amerikadan gəlib burada belə tövsiyələr vermələri məhz təxribatdan başqa bir şey deyil. Digər tərəfdən, İrəvanda bu barədə ağızdolusu danışanda niyə reallığı nəzərə almırsan? Qafqazda “azadlıq qalası” saydığınız həmin Ermənistanı Rusiya qoşunları qoruyurlar. O Ermənistan ki, ərazisində Rusiyanın iki hərbi bazası– biri Erebunidə, digəri Gümrüdə yerləşir. Həmin “azad” Ermənistan ki, onun Rusiya ilə ticarət dövriyyəsi nəinki azalmır, əksinə, durmadan artır və dominant xarakteri daşıyır. 

İndi İrəvanda oturub Azərbaycanın ünvanına hədyanlar yağdırırlar. Nə demələrindən asılı olmayaraq, Azərbaycan üçün nəinki senator Uikerin, ümumiyyətlə, ona qoşulmuş digər senator və konqresmenlərin tövsiyələrinin heç bir əhəmiyyəti yoxdur. 

Azərbaycan Rusiya ilə həmsərhəd dövlətdir. Bakının öz təhlükəsizliyini təmin etməyin başlıca yolu Moskva ilə normal, işgüzar, qarşılıqılı hörmət və etimada söykənən münasibətlərin qurulmasından keçir. Azərbayna artıq bu münasibətləri qurub və boynuna götürdüyü öhdəliklərə əməl edir. Bu məsələdə Bakının kənardan tövsiyələrə ehtiyacı yoxdur. Əgər belə məsləhətləri İrəvandakılar alqışlayırsa, sözlərini elə onlara ünvanlasınlar.   

Rasim MUSABƏYOV

Milli Məclisin deputatı,

politoloq

 

 



Siyasət