Məlum olduğu kimi, Almaniyada keçirilən AVRO-2024-ün final mərhələsində Avstriya ilə matçda Türkiyə millisinin qollarını vuran Merih Dəmiral bozqurd işarəsi göstərərək sevincini bölüşdüyü üçün UEFA tərəfindən cəzalandırılıb. Avropanın ali futbol qurumu futbolçunun ümumi davranış prinsiplərinə zidd hərəkətə yol verdiyini, əsas nəzakət qaydalarını pozduğunu açıqlayıb və onu iki oyunluq diskvalifikasiya edib. Üzücüdür...
Əlbəttə, hansı səmtdən yanaşsaq, UEFA-nın qərarı ədalətsizdir. “Bozqurd” işarəsi terrorçuluğu, ekstremizmi ifadə edən hərəkət deyil. Bu, bir rəmzdir. Eyni qaydada müxtəlif oyunçular da öz ölkələrinə xas rəmzləri göstərə bilərdilər. Çox güman, qurumun cınqırı da çıxmayacaqdı. Amma indi çıxdı və sırf siyasi qərar verdi. Yazımızda məsələnin iki tərəfinə diqqət yetirəcəyik.
***
Əvvəla, UEFA-nın məlum qərarı, ilk növbədə, “Köhnə qitə”nin türk varlığına münasibətdəki əndişəsini göstərdi. Keçmiş unudulmayıb. UEFA keçmişin təkrarlanmasına qarşı, bir növ, müqavimət formalaşdırır. Göstərir ki, Osmanlı, türk ruhuna müxalifdir. Nəinki müxalifdir, o ruhu süngü ilə qarşılamağa hazırdır. Nəzərə alaq ki, Merih Dəmiralla bağlı verilmiş qərar edam qərarı kimi bir şeydir. Çox güman ki, dövr başqa olsaydı, dar ağacı qurulacaqdı. Nəzərə alaq ki, indiki durumda futbolçunun meydanda olmasının qarşısını almaqla, onu həyatdan məhrum etmək eyni şeydir. Onu da nəzərə alaq, ki, Merih kimi bir oyunçunu cəzalandırmaq adi məsələ sayıla bilməz. Tutalım, “bozqurd” işarəsi Avstriyada qadağan edilib. Almaniyada belə bir qərar verilmədiyindən, o zaman məsələnin üzərindən keçmək olardı. Amma...
M.Dəmiralın hərəkəti türk dünyasında böyük coşğu ilə qarşılandı. Hər halda, Türkiyə–Avstriya matçından sonra, elə matçın gedişi zamanı da Azərbaycanda və Türkiyədə bu coşğu özünün pik nöqtəsində idi. Matçdan sonra M.Dəmiralın verdiyi açıqlama isə durumu bir qədər də dramatikləşdirdi, müvafiq olaraq “bozqurd”a qarşı hiddəti körüklədi. Futbolçu sırf türk kimliyini müqəddəsləşdirən fikirlər səsləndirdi. Ardınca hər yanı “Nə mutlu türküm deyənə” şüarları bəzədi. Sizcə, dünya buna cavabsızmı qalacaqdı? Xeyr! Yəni M.Dəmirala qarşı qərar həm də dilində “Nə mutlu türküm deyənə” fikrini daşıyanların hər birini cəzalandırmaq idi.
***
Amma digər məqama diqqət yetirək və bir az soyuq yanaşaq. M.Dəmiral kimi müdafiəçi iki oyunluq meydanda olmursa, deməli, türk dünyasını, konkret olaraq Türkiyəni cəzalandırmaq istəyənlər məqsədlərinə çatdılar. Buna qarşı çıxacaq güc oldumu? Xeyr! Ədalətsiz qərar dəyişdimi? Yox! O zaman düşünək, görək, belə bir qərar olmaya bilərdimi? Burada söhbət təkcə M.Dəmiralın hərəkətindən getmir. Böyük anlamda götürsək, onun iki oyunluq diskvalifikasiyasına səbəb təkcə futbolçunun davranışının və matç sonrası türk kimliyini yüksək tutan açıqlamasının qıcıq doğurması deyildi. Sosial şəbəkələrin, medianın türk seqmentində yayılan fikirlər də öz mənfi rolunu oynamışdı. Mənzərə düşündürücüdür və düşünək.
AVRO–2024-də azarkeş sayında üstünlük türklərə məxsusdur – 130 min. İkinci yerdə 125 min sayla meydan sahibləri almanlar gəlir. Təsəvvür edin, bir ölkədə nüfuzlu idman yarışı keçirilir, ancaq başqa ölkənin azarkeş sayı həmin ölkədəkindən çoxdur. Hər halda, indiyədək belə bir halın yaşandığını eşitməmişik. Bu, o deməkdir ki, türk varlığı onsuz da Avropanı cənginə alır. Burada demoqrafik, sosial və sair amillər də öz sözünü deyir. Onladan danışmaq, nələrisə təkrarlamaq niyyətindən uzağıq. Fakt budur ki, türklər vaxtilə Osmanlı sultanlarının edə bilmədiklərini bu gün reallaşdırırlar. Avropanın fəthi başqa necə olmalıdır?
Qitənin ictimai rəyi türkləşməyə, müsəlmanlaşmaya qarşı ya heç nə edə bilmir, ya da etdiyi ciddi təsir bağışlamır. Çünki təbii gedən bir proses var. Mövcud durumda yuxarıda türk azarkeş sayı ilə bağlı səsləndirdiyimiz rəqəm çoxluğun rəqəmidir. Belə bir vəziyyətdə “bozqurd” psixoloji baxımdan azlığın özünü ifadə simvoluna çevrilir. Əsl azlıqla, əsl çoxluq yerini dəyişir. Birinci ikincini, az qala, ekstremizm şübhəsi ilə cəzalandırır. Başlıca sual isə budur: çoxluq niyə özünü azlıq kimi aparır? Olmazdımı ki, aparmasın? Onsuz da Türk dünyasının inkişafı göz önündədir. Bu gün Türkiyənin pilotsuz uçuş aparatları dünyada ön sıradadır. Türk Ordusu ən güclü ordulardandır. Ümumən, Türk dünyasının konsolodasiyası qlobal prosesdir. Belə olan halda Avstriya kimi ölkələr “bozqurd”a nə qədər istəyirlər qadağalar qoysunlar? Nə xeyri var?
***
Sonda soyuq başla yanaşaraq belə qənaətə gəlmək olar ki, M.Dəmiral “bozqurd” toteminə, eləcə də onu müqəddəsləşdirən ritorikaya ehtiyac yox idi. Həssas yanaşılması, reallıqların nəzərə alınması mütləqdir. Bir halda ki, türklər elm və texnika, hərb sənəti və inkişafla, elə təbii artımla da dünyanı fəth edirlər, indiki durumda əsas olan türk futbolçularının Avropanı fəth etməsidir. Bu fəthdə isə pafosa ehtiyac qətiyyən yox idi və nəticə budur ki, UEFA fəthin bir əsgərini sıradan çıxardı. Digər tərəfdən sırf “bozqurd” toteminə gəlincə, o, bir müqəddəslikdir. Müqəddəslik hər yerdə bölüşülməyən təbiətə malikdir. O gözəldir, çünki toxunulmazlıq statusunu saxlayır. Elə ki, müqəddəsliyi nümayişə çıxarırsan, ona əl uzadan mütləq tapılır. Tapıldı da...
Əvəz Rüstəmov