"Ömrün payız nəğmələri" xeyli vaxtdı telefonumun yaddaşındadı. Yazını bu günlərdə hospitalda yatanda da oxudum və uşaqlığım keçən yollar, dumanlar arxasında qalan işıqlı illərim, qazandıqlarım, itirdiklərim bir anda gözlərim önündən gəlib keçdi. Bu səmimi qeydlər "ömrümün "yol xəritəsi" sayıla bilər. İstədim siz də oxuyasız. Bəzi məsələlərdə məni qınayan da olacaq. Həyatda, təbii ki, səhvlərim, uğursuz addımlarım olub. Ancaq əsası odur ki, mən ömrümü vicdanla yaşamağa çalışmışam...
Jurnalistika fakültəsində birgə oxuduğumuz, indi mənsub olduğumuz yaradıcı nəslin istedadlı nümayəndələrindən olan tələbə yoldaşımız Səməd Məlikzadənin 70 yaşına bu sətirləri yazarkən sütül gəncliyimizi əks etdirən bəxtəvərlik şəkillərimizə baxa-baxa düşünürəm: hə, illər sürətlə keçir, hələ zamanın hökm-fərmanına qarşı çıxa bilən tapılmayıb. Biz– dünənki uşaqlar da tanınmaz dərəcədə dəyişmiş, qocalmışıq, yalnız bir yerə yığışıb görüşəndə, sanki, zamanı aldadıb gəncləşmək istəyirik. Bir vaxtlar bu təşəbbüs Adil Qaçayoğlundan gələrdi, indi rəhmətliyin missiyasını Səməd davam etdirir.
Mən onu milli mətbuatımızın banisi, böyük maarifçi və içtimai xadim Həsən bəy Zərdabi ilə müqayisə etmək fikrindən uzağam. Hərçənd ki, Səməd özü də milli mətbuatımızın tanınmış simalarından biridir və bir çox cəhətlərilə istər-istəməz rəhmətliyi xatırladır... O da Həsən bəy kimi torpağa, təbiətə bağlıdır, qələmə aldığı yazılardan fəsillərin rəngi, rayihəsi duyulur. O da Zərdabi kimi heç bir təmənna güdməz, haramla işi yoxdur, haqqın tərəfindədir. Kiməsə, nəyə görəsə yaltaqlanmaz, əminəm ki, bu mərəz onu heç vaxt tutmayacaq. O da Zərdabi kimi heç bir təltif, mükafat görməyib. O da qocalığında doğma yurda dönüb, ağcaqanadlı torpağını bütün məkanlardan üstün tutub. Nə alovlu məqalələr yazan, nə pafoslu çıxışlar edən ehtiraslı fəallardan, nə də millətin dərdlərinə biganə qalmaqla öz iftraları ilə hakimiyyətə yaltaqcasına xidmət edən Ömər Faiq Nemanzadə ütüklərdən olub. Özü demişkən, sadəcə başını aşağı salıb qəzetçiliyini edib, vəzifə borcunu vicdanla yerinə yetirib, yazanda da elə yazıb ki, heç vaxt vicdan əzabı çəkməsin. Bir sözlə, biz zahirən Zərdabiyə oxşatdığımız dostumuzu jurnalist ləyaqətinə və mənəvi-əxlaqi keyfiyyətlərinə görə də o rəhmətliyə bənzədirik.
Uzun illər mətbuat aləmində külüng vurub məcazı mənada, qələmi ilə daşdan çörək çıxarıb. Ötən müddətdə neçə qəzet-jurnalla əməkdaşlıq edib: Yeni Şirvan Şamaxı rayonu qəzetində şöbə müdiri, "Azərbaycan aqrar elmi" jurnalında redaktor, "Avrasiya" qəzetində baş redaktorun müavini, "Yeni Azərbaycan" qəzetində məsul katib, "Eksklüziv" informasiya agentliyində redaktor, "Tumurcuq" qəzetində redaktor...
Səməd həm də üç kitab müəllifidir. Əslində, Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin 197-cı il məzunlarının ömür yolundan bəhs edən Bizim alın yazımız adlı müxtəlif imzalı məqalələr toplusu da S. Məlikzadənin israrlı təşəbbüsünün və yorulmaz zəhmətinin məhsuludur. Kitabın məsuliyyətlə redaktəsi, nəfis tərtibatı və topluda verilmiş silsilə yazıları Səmədin zəhmətsevərlik və peşəkarlıq səviyyəsinin, zövq və səmimiyyətinin parlaq göstəricisidir.
O, son illərdə qələmə aldığı publisistik yazıları, sənət adamları ilə bağlı portret oçerkləri və lirik hekayələrini toplayıb rəyimə yazılanlar adlı kitab hazırlayıb.
Pensiyada olmasına baxmayaraq, bu gün də imzası dövrü mətbuatdan düşmür, illah da, indi medianın daha populyar qolunu təşkil edən internet vasitəsilə, Feysbukda təqdim etdiyi xırda yazılar həm böyük mətləblərə toxuna bilmək, həm də dil-üslub şirinliyi ilə maraq doğurur. Məlumdur ki, xırda sayt yazılarında ciddi məsələləri mövzuya çevirmək və təhlil etmək hər yazarın işi deyil, amma Səməd bunu bacarır, cəmiyyətdə baş verənləri, dərdlərimizi, problemlərimizi ustalıqla incələyir, ən kəskin sözünü belə Mirzə Cəlil sayağı– qələminə bal qatıb deyir, Sabiranə ehyamlarını şəkərləyib yedizdirir ,– kimsənin incitmək yox, hamının yaxşılığına can atmaq istəyi var onda. Bir-iki misal:
"...Əcaib-qəraib kəpənəklər daraşıb məmləkətə. Haradan gəlib, kim göndərib, dəqiq bilən yoxdur... Onu da deyim ki, urus sovet olannan axıradək bu kəndə sarı adam ayağı dəymədi... İndi hər səhər durub görürsən ki, pəncərənin qabağı sarı-sarı kəpənəklərlə doludur. Həyətdə də ora-bura uçuşurlar... Məni qınamayın, deyirəm, bəlkə bu ya kitayların, ya da sülhməramlı ların hoqqasıdı..."
Deyirəm, adam burada darıxar, ee. Küçəyə zibil tökmə, maşınını yolun ortasında saxlama, yaşıllıqları qırma, qonşunu narahat eləmə Daha bunun harası birgəyaşayış oldu ... Heyif deyil Yasamal "
Yaxud:
Darıxma, atam balası, ömür dediyin şey elə belə olur: bu üzü ağ, o biri üzü qara, yarısı gecə, yarısı gündüz, bəzən şirin, bəzən acı, gah ümidli, gah da ümidsiz...
Darıxma, bu dünya ilə sənin alıb-verəcəyin nə qalıb ki, darıxırsan? Axı sən həyatda gözü-könlü tox yaşamısan, hər zaman aza qane olub, O Gözəgörünməzə duaçı olmusan. Bəs onda nəyin haqq-hesabını aparmağa çalışırsan. Bəlkə, şair demiş, eləmədiklərin yandırır Səni Buna görə vaysınırsan ox nahaq, əlində-ovcunda olan bir girvənkəlik savabı təəssüflə yuyub aparma.
Darıxma, özün-özünü yıxarsan haa Unutma, ağacı içindəki qurd yıxır, insanı fikir... Bil ki, qədərin Haqqdandır, alın yazın nədirsə – odur!
Darıxma, belə qəmli dayanma, qalan ümidlərini də söndürmə..Ömür deyilən şey elə belə olur – bəzən ümidli, bəzən də ümidsiz...
Ayə, Sən canın, darıxıb məni də darıxdırma!"
Gənclik illərində dostlarla birlikdə Bakının axar-baxarlı küçələrini gəzməyi, Filarmoniya bağının ətəyindəki, Sabirin heykəlinin yaxınlığındakı çayxanalarda çay içə-içə söhbətləşməyi xoşlayardı. Yaşa dolunca doğma el-obası maqnit kimi özünə çəkməyə başladı. Onun Yuxularımın kəndi silsilə yazıları bu mövzudadır. Artıq iki ildir ki, boya-başa çatdığı yurduna qayıdıb, sakit həyat tərzi keçirir, əlbəttə, buna sakit demək mümkünsə...
Bir yaz günü tələbə yoldaşımız Teymur Xaspoladovla onun kəndinə yollandıq – Ağsu rayonunun Küdrü düzü deyilən aran ərazısindəki Cəfərli kəndinə. Məlumat üçün deyim ki, Küdrü əvvəllər tərəkəmələrin qışlaq yeri olub, yazda üzü dağlara yaylağa, payıza qənşər Küdrüyə üz tutublar, bu yerlərdə kənd-kəsək, o cümlədən Cəfərli sonralar salınıb. Səmədin qeydlərinə görə, o, anadan olanda Cəfərlidə vur-tut otuz ev olub. Yazdan iki ay keçmiş boz çölləri saralıb bozarmış Cəfərli adama qərib və darıxdırıcı təsir bağışlayır. Amma, necə deyərlər, Leylinin gözəlliyini görmək üçün gərək ona Məcnunun gözü ilə baxasan. Cəfərli həm onun uşaqlıq xatirələrini yaşadan doğma yurdu – Vətənin başlanğıcıdır, həm də nağılları ilə böyüdüyü ağsaqqal və ağbirçəklərinin, həyatdan vaxtsız getmiş can yoldaşının və oğlunun uyuduğu ziyarətgahdır.
Səmədin jurnalistliyi də bu kənddən başlanıb, rayon qəzetində, Azərbaycan pioneri qəzetində dərc olunan ilk qələm təcrübələri bu kəndə həsr olunub, yazarlığın şirinliyini – sağ ol və qonararını, acısını- kənd yoluna baxımsızlıq haqqında Kirpiyə yazdığına görə rayon təşkilatından gələn qınaq və töhməti burada dadıb.
– Bax, ora qəbristanlıqdı, Səidə və Nicatı orada dəfn eləmişəm... Hər gün buradan baxıb rəhmət diləyir, həyatın mənasını düşünürəm, gedib qəbirlərini ziyarət edirəm...
– Ağır-ağır nəfəs alır, gözlərini bir müddət o tərəfdən çəkə bilmir... z-gözündən həsrət, nisgil, ağrı ifadəsi oxunur. Bu görüntü ilə zamanın yorulub hərəkətdən dayanmış heykəlini xatırladır. Yox, o, nə yayın qızmarında, nə də qışın şaxtasında heç yana getməyəcək–, deyə fikrimdən keçirir və hələ tikib qurtara bilmədiyi evinin üzünü də qəbiristanlığa salmasının da fərqinə indi varıram... İşə bax a, doğurdan da heç kəs, heç kəsin kitabını oxumur indi... Heç tələbə yoldaşımızın da taleyindən düz-əməlli xəbər tutmamışıq. Teymur da, mən də təəssüf içində Allah hər ikisinə rəhmət eləsin – deyirik.
Ömür ötdü, arzularsa yarımçıq,
Bəlkə, sabah çətin günüm olacaq.
Qohum-qardaş hey arxamca deyinir,
Bu tək qaldı, bunun axırı nə olacaq?
Mən bilməzdim dünya belə fanidi
Bizdən sonra bir quru ad qalacaq
Ötən günlər bir də dönməz geriyə
Payız gəlir, bağça-bağlar solacaq.
Səməd bu misraları darıxanda yazıb. Onun rəhmətlik həyat yoldaşı Cəfərlinin ilk şəhərli gəlini olub. Səidə də jurnalist idi, bir müddət Azərbaycan Tibb Jurnalinda işləmişdi, sonra da Milli Təhlükəsizlik Nazirliyində çalışdı, tərcüməçi zabit idi, mayor rütbəsi almışdı. Oğlu Nicat tarixçi jurnalist, Zerkalo qəzetində şöbə müdiri vəzifəsində çalışırdı. Rusdilli mətbuatımızın gözəl yazarlarından biri idi... Ailə sanki bir redaksiya idi..
Teymurla eyvana çıxıb qarşı tərəfdəki salxım saçaqlı söyüdün kölgəsinə sığınırıq. Aşağı sallanan sarımtıl-yaşılsov nazikcə budaqlardan birində kiçik torbaya bənzəyən quş yuvası var. İstidir, təzə salınmış yurddakı pöhrələrdən fərqli olaraq, nə vaxtsa su ilə dopdolu arxın kənarında basdırılmış bu ağac, bəhrə verməsə də, geniş qol-budağı və sərinliyi ilə lap qənimətdir. Arxın o tayında isə nar bağıdır, su bolluğunda yer də, ağaclar da yamyaşıldır. Səməd də öz sahəsində tinglər əkib, inanır ki, becərib hasilə çatdıracaq, barını görəcək... Tərəvəz ləkləri də salmışdı, amma haradansa peyda olmuş dovşan imkan vermədi. Az əvvəl: – Neyləsin, o da yaşamaq istəyir, yaşamaq üçün isə yemək lazımdır, – xəfif bir təbəssümlə demişdi Səməd. Və onu da demişdi ki, eyvanın yuxarısında, bax, o küncdə, pərdə ilə divarın arasında qumru quşu quva qurub bala çıxarmışdı. Bir dəfə köhnə kresloda oturub kitab oxuyurdum, gördüm ki, bir ilan yanımda dayanıb: bir az o yana çəkil, o yuvaya baş çəkim, qayıdıram... – deyirmiş kimi, haça dilini yalmandıra-yalmandıra həmin yuvaya – civildəşən balalara tərəf sürünür. Öldürmədim, qovdum getdi. – Ölüm- itimin nə demək olduğunu yaxşı bilən ilana da qıymazmış..
Səməd deyir ki, indi kənddə yaşamağımın əsas çətinliyi bilirsiz nədi?Uşaqlığımda gördüyüm, oturub-durduğum insanların çoxunun dünyasını dəyişməsidi. Yeni nəsil isə məni yaxşı tanımır, mənimlə söhbətləri tutmur. Çünki mən zaman qəribiyəm. Özümü öz kəndimdə qərib quş kimi hiss edirəm. Buna görə də tez-tez qəbiristanlığıa gedir, əzizlərimin, o insanların məzarları önundə dayanıb, onlarla söhbətləşirəm. Arabir də əl ağacımı götürüb kəndin ətrafına çıxır, uşaqlığım keçən yolları bir daha keçirəm.
Hərdən Bakıya gəlib onu yad edən dostlarını başına yığıb söhbətləşəcək. Nəvələri ilə görüşüb, onları gəzməyə çıxaracaq, həsrətini çəkdiyi əzizlərinin iyini onlardan alacaq... Tələbə dostları ilə atüstü görüşməyə vaxt tapacaq, uşaqlar, biz tərəflərə də gəlin, darıxıram axı , – deyəcək. Amma Səmədi hamıdan çox yad edən qardaşlarıdır. Maşallah, beş qardaşı var, onlar Səmədin üstündə yarpaq kimi əsirlər. Allah bir tərəfdən alanda, o biri tərəfdən var edir, ədalətinə şükür.
Biz – tələbə yoldaşlar isə onunla internet və mobil telefon vasitəsilə əlaqə saxlayır, hal-əhval tuturuq. Qocalıq qapını kəssə də, uşaqlıq və gənclik sadəliyini, həmən yaş dövrünün təmiz heyrətini heç vaxt soldurmayam Vaqif Bəhmənlinin sözüdür, Səməd haqqında deyib- red. dostumuzun kənd həyatına, təbiətə bağlılığı, təsərrüfat qayğıları haqqında da bu yolla xəbər tuturuq.
Uzun illərin ailə dostu, sənətşünaslıq doktoru, Rəssamlıq Akademiyasının professoru Ziyadxan Əliyev Səməd haqqında belə yazır: Aqillərin “Yüz manatın olmaqdansa, yüz dostun olsa yaxşıdır” deyimini qəbul etməklə, demək istəyirəm ki, Səməd kimi dostu olanlar qalan 99-u olmadan da keçinə bilərlər!
Belə bir dostumun olması ilə fəxr edirəm! İndiyə kimi həyatın ən müxtəlif sınaqlarına tuş gələn dostumun o qədər də işıqlı olmayan “Alın yazısı”na yönəli nümayiş etdirdikləri çoxlarına məlumdur. Bu mənada öz nuru ilə təmənnasız dostlar qazana bilmiş Səmədin həyatı və əməlləri bizlərə də nümunədir.
Nədən, necə yazırsa-yazsın, səmimi olmağa çalışır. Onun yazılarında lirik bir ruh var. Bu ruh insanları təmizliyə, saflığa, vəfalı olmağa səsləyir.
Səfər vaxtımız bitdi. Səmədlə xudahafizləşib geriyə dönürük. İnşallah iyulun 15- də mütləq Cəfərliyə yığışacağıq Sənin 70 illiyinin səsi nəinki Cəfərliyə, Bakıyacan səs salacaq,– deyə, yarıciddi, yarızarafat bildirirəm. Və nədənsə şair İbrahim Yusifoğlunun yaradıcılığına dərin hörmət bəslədiyi, həyatda 100 il ömür arzuladığı Səməd Məlikzadəyə həsr etdiyi Ölümü gözləyən qoca şeirindən bu həzin misralar xəyalımda canlanır:
Gen otaqlar ona dardı,
Çıxıb həyətdə gözləyir.
Deməyə çox sözü vardı,
Yetişən anı gözləyir...
Nə deyim, ay Səməd? Özün demiş, ilin və ömrün payızını eyni vaxtda yaşamaq çox çətindir, özü də tək-tənha. Allah dözüm və ömür versin. Ümidlərin sönməsin! Yeni tikdiyin evin, bağ-bağçanın barını-bəhərini görəsən! Küdrü düzündən havalanan ömür nəğmələrin tükənməsin!
Elçin MEHRƏLİYEV
yazıçı-publisist, filologiya elmləri doktoru