Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edərək iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına kömək edəcək tədbirlər və müzakirələr təşkil etməyi planlaşdırır. Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Euronews”a açıqlamasında deyib.
Digər milli və beynəlxalq neft şirkətləri ilə birgə səylərin vacibliyini vurğulayan vitse-prezidentin sözlərinə görə, strateji tərəfdaşlıqlar və perspektivli layihələr vasitəsilə SOCAR gələcək nəsillər üçün dayanıqlı gələcəyi təmin etməyi hədəfləyir. “SOCAR strateji mövqe tutur ki, regionun gələcək enerji xəritəsinin formalaşmasında əsas rol oynasın”, – deyə o, əlavə edib.
SOCAR-ın karbohidrogen və aşağı karbonlu biznes portfelini tarazlaşdırmaq məqsədilə ənənəvi neft-qaz müəssisəsindən 2035-ci ilə qədər enerji sahəsində şaxələndirilmiş lider şirkətə çevrilmək planları və addımları barədə məlumat verən Ə.İsayev təmsil etdiyi qurumun karbonsuzlaşdırmaya sadiqliyini vurğulayaraq emissiya səviyyəsini qlobal sənaye liderlərinin səviyyəsinə uyğunlaşdırmaq niyyətində olduğunu bildirib. O deyib ki, hazırda SOCAR strateji qlobal oyunçularla əməkdaşlıq edir, o cümlədən 2 günəş və 1 külək elektrik stansiyası da daxil olmaqla 1 giqavat gücündə bərpaolunan enerji mənbələrinin, həmçinin ekoloji cəhətdən təmiz hidrogen istehsalına yönəlmiş 2 giqavat gücündə dəniz külək enerjisi layihəsinin hazırlanmasına başlayıb.
XQ