Milanda milli enerji strategiyamıza baxış

post-img

İtaliyanın Milan şəhərində Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində nazirlərin panel iclası keçirilib. 

Azərbaycanın Energetika naziri Pər­viz Şahbazov əsas məruzəçi olaraq COP29 öncəsi ölkəmizin milli enerji stra­tegiyasına dair çıxış edib. Nazir COP29 sədri kimi Azərbaycanın enerji keçidi si­yasətindən və qlobal iqlim gündəliyinə töhfələrindən ətraflı bəhs edib. 

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və müasir milli enerji siyasə­tinin “yaşıl artımı” hədəfləyən prioritetləri­nin COP məqsədləri ilə üst-üstə düşdüyü, COP29-a sədrliyin uzun illərdir qazın­tı yanacağı üzrə etibarlı tərəfdaş olan ölkəmizin dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirdiyi qeyd olunub. Bildirilib ki, Azərbaycanın 1300 meqavatlıq günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması və 100 meqavatlıq külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planları uğur­la reallaşır: “Bu gedişatla 2030-cu ilə 30 faizlik hədəfimizə daha tez nail olacağıq. 2027-ci ilədək 2 milyard dollardan çox in­vestisiya dəyərində 2 qiqavadək günəş-külək elektrik stansiyalarının inşası bər­paolunan enerjinin quraşdırılmış gücdə payını 33 faizə yüksəldəcək”,– deyə P.Şahbazov əlavə edib. 

Qeyd olunub ki, Azərbaycan Prezi­denti cənab İlham Əliyev tərəfindən “ya­şıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıva­nın sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə 5 qiqavatdan çox yaşıl elektrik və yaşıl qazların ixracı məqsədilə “Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan enerjinin ötürülməsi üçün “Azərbaycan–Mərkəzi Asiya–Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması dekarbonizasiya və iqlim məsələlərində ölkəmizi regionda ön pla­na çıxarır. 

Nazir, həmçinin qeyd edib ki, “Yaşıl enerji zonaları və dəhlizləri” kimi örnək təşəbbüslər bu gün nəinki COP29-un Fəaliyyət Gündəliyinə istiqamət verir, həmçinin COP-un mirası olmağa daha münasibdirlər. “COP29-un əsas mövzu­sunun maliyyə olduğunu nəzərə aldıqda, bu tədbirin bərpaolunan enerjinin üçqat, enerji səmərəliyinin ikiqat artırılması və ədalətli enerji keçidinə nail olunması­nı sürətləndirəcək platforma olacağına inanırıq. Bu aspektdə, elektrik şəbəkələ­rinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hid­rogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, o cümlədən HVDC infrast­rukturu, enerji səmərəliliyi üzrə investisi­yaların bir neçə dəfə artırılmasını təmin edəcək yeni təşəbbüs və hədəflərə eh­tiyac var. Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dia­loq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini, enerji keçidini təmin etmək və COP29-un uğurlu nəti­cələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir,” –deyə nazir bildirib.

Nazir Pərviz Şahbazov müzakirələr zamanı Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyadan ibarət üçlük mexanizmi, 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması, iqlim fəaliyyəti üzrə çoxtərəfli dialoqun effektiv olması üçün qarşılıqlı etimad, məsuliyyə­tin və maliyyə imkanlarının ədalətli bölgü­sünün təmin edilməsi kimi məsələlərdən də bəhs edib.

İqtisadiyyat