Ölkəmiz xarici investisiyaya açıqdır

post-img

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə Beynəlxalq Valyuta Fondunun Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan etdiyini bildirib.

S.Məmmədovun sözlərinə görə, Azərbaycan kifayət qədər əlverişli investisiya mühitinə malikdir və bu, nüfuzlu beynəlxalq hesabatlarda, reytinqlərdə də özünü göstərir: “Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycan cari il üçün dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edilib. Mövcud rəqəmlər də ölkə iqtisadiyyatına investisiya qoyuluşunda artım dinamikasının davam etdiyini göstərir”.

Qeyd edək ki, son illərdə ölkəmizdə investisiya mühitinin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatları  davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının Doing Business reytinqində ilk iyirmiliyə daxil olmasını gerçəkləşdirib.  

İqtisadiyyat