Nazir müavini: “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinə böyük ehtiyac var

post-img

Azərbaycanda alternativ enerji mənbələrindən əldə edilən yaşıl enerjinin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi ilə Avropaya nəql edilməsi üçün zəruri şərait və komponentlər mövcuddur. Tranzit imkanlarını da nəzərə alsaq dəhlizin böyük potensiala malik olduğunu görərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Enerji Forumunun “Davamlı Enerji: Xəzər regionunun yaşıl enerji potensialı” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı energetika nazirinin müavini Orxan Zeynalov bildirib.

“Külək elektrik enerjisini Avropaya çatdıracaq bu dəhlizin həyata keçməsi üçün Azərbaycanın yüksək bərpaolunan enerji potensialı var. Bu gün “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsinə böyük ehtiyac var və gələcəkdə bu ehtiyac daha da artacaq. Bu dəhliz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq”, - deyə nazir müavini vurğulayıb.

O. Zeynalov bildirib ki, hazırda Mərkəzi Asiya ölkələrinin də böyük külək və günəş enerjisi potensialı var: “Bu regiondakı dövlətlər də istehsal etdikləri yaşıl enerjini “Xəzər-Qara dəniz-Avropa” dəhlizi ilə ixrac edə bilərlər. Bu istiqamətdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında danışıqlar aparılır. Bütün bunları nəzərə alaraq, yaşıl dəhlizin böyük əhəmiyyət kəsb etdiyini söyləyə bilərik”.

İqtisadiyyat