SOCAR-ın vitse-prezidenti: Sənaye müəssisələrinin ənənəvi enerjidən bərpaolunan enerjiyə keçməsi çox vacibdir

post-img

Biz SOCAR olaraq ölkənin dekorbanizasiya təşəbbüsündə böyük rola malikik. Əminəm ki, tərəfdaşlarımızla birlikdə 2050-ci ilə qədər karbon emissiyasının sıfra endirilməsi hədəfinə çatacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, sənaye müəssisələrinin ənənəvi enerjidən bərpaolunan enerjiyə keçməsi çox vacibdir.

“Tərəfdaşlarımızla birlikdə bərpaolunan enerjiyə keçidə hazırlaşırıq və təchizatçısı kimi davam etmək istəyirik. Biz ciddi sınaqlarla üzləşirik və bu, təkcə Azərbaycanda deyil, bütün dünyada göz qabağındadır. Bərpaolunan enerji mənbələrinin tətbiqini sürətləndirmək üçün əsas problemlərdən biri elektrik şəbəkəsinin məhdudiyyətləridir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu problem ABŞ, Böyük Britaniya, Avropa İttifaqında da özünü göstərir: “Bu problemi həll etmək üçün bir neçə yanaşma var. Birincisi, enerji saxlama sistemlərinin quraşdırılmasıdır. Hələlik bu, kifayət qədər baha başa gəlir. Lakin ümid edirik ki, texnologiyanın inkişafı ilə xərcləri əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq. Həmçinin bərpaolunan enerji layihələrini həyata keçirməkdə maliyyələşdirmənin yüksək xərcləri də çətinliklərdən biridir. Ümidvaram ki, yaxın gələcəkdə daha çox maliyyə cəlb etmiş olacağıq”.

İqtisadiyyat