Ötən il Azərbaycanda neft hasilatı 30 milyon ton olub ki, bunun da 25 milyon tonu ixrac olunub. Bu il Azərbaycanda neft hasilatı 30 milyon ton ətrafında olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Kamal Abbasov Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.
“Azərbaycan 2007-ci ildən təbii qaz ixtaracatçısıdır. Cari ildə Azərbaycanda təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu ötən ilin göstəricilərinə uyğundur. Ötən il ixrac olunan qazın 12 milyard kubmetri Avropaya, 9,5 milyard kubmetri isə Türkiyəyə nəql edilib. Bu il həm də “Azəri-Mərkəzi-Şərq” platformasından yeni hasilata başlayacağıq. Gün ərzində hasilat 1000 barel olacaq”, - deyə o bildirib.
Nazir müavini qeyd edib ki, Mərkəzi Asiya ölkələrinə yaşıl enerji sahəsində 4 qiqavat elektrik enerjisi ixracı nəzərdə tutulur: “Texniki işlərə bu il başlanılacaq. Dünya hazırda enerji təhlükəsizliyi ilə bağlı böyük təhlükələrlə üzləşməkdədir. Yeni texnologiyalardan istifadə etməklə emissiyaları azaltmaq mümkündür. Azərbaycan hazırda Avropanı qazla təmin edir. Bu da Cənub Qaz Dəhlizi vasitəsilədir. Azərbaycanın enerji sahəsində çoxsaylı sazişlərin imzalaması dayanıqlı enerjini təmin edir”, - deyə Kamil Abbasov əlavə edib.