Qarabağ “yaşıl enerji”yə bürünür

post-img

İlin birinci yarısında bölgədə 32 SES-in istismara verilməsi nəzərdə tutulub

Son illərdə respublikamızın energetika sistemində aparılan bərpa və yeni­dənqurma işləri, tətbiq edilən “yaşıl” və innovativ texnologiyaların, o cümlədən kompozit şüşə lifli ekoloji təmiz dayaqların istifadəsi, eləcə də “100 kənd” la­yihəsi üzrə regional şəbəkələrdə 150-dən çox yaşayış məntəqəsinin elektrik təchizatının yenidən qurulması bu sahədə təbii qaza qənaət edilməsinə, karbon dioksid emissiyasının azaldılmasına imkan yaradıb. Bu ilin ötən aylarında enerji infrastrukturunun müasirləşdirilməsi istiqamətində uğurla gerçəkləşdirilən la­yihələr də mövcud şəbəkənin daim diqqət mərkəzində saxlanıldığını göstərib. 

Qarabağ və Şərqi Zəngəzur iqtisa­di rayonlarında da Vətən müharibəsin­dən dərhal sonra genişmiqyaslı enerji layihələrinin icrasına başlanılıb, işğal dövründə dağıdılan kiçik su elektrik stan­siyalarının (KSES) bərpası ilə bərabər, ekoloji normalar daxilində yeniləri tikilib. 

Qeyd edək ki, Qarabağ və Şərqi Zən­gəzurda 2023-cü ildə “AzərEnerji” tərə­findən 12 yerdə tikilən yarımstansiya və su elektrik stansiyalarının açılışı olub. Belə ki, Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa ölkələ­rarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib. Həmçinin “yaşıl enerji” strategiyasına uyğun olaraq ötən il Kəlbəcər rayonun­da 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqa­vat gücündə “Soyuqbulaq” və 3,4 meqa­vat gücündə “Meydan” KSE-lərin yeni­dənqurmadan sonra açılışı olub.

Paralel olaraq həmin dövrdə “AzərE­nerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” KSES-lər yenidən quru­laraq istismara buraxılıb. Prezident İlham Əliyev “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” SES-in açılışında da iştirak edib. Dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq ya­rımstansiyasının açılışı həyata keçirilib. 2023-cü ilin ən yadda qalan hadisələrin­dən biri isə heç şübhəsiz, 19-20 sentyabr antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi və digər ərazilərin Azərbaycan enerji sisteminə qoşulması olub.

Bu ilin ötən aylarında da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında energetika sistemində aparılan bərpa və yenidənqurma layihələrinin icrası davam etdirilib. Mayın 10-da dövlətimizin başçı­sının iştirakı ilə “Zabux” və “Qarıqışlaq” KSES-ləri işə salınıb. Burada görülən işlər barədə ölkə rəhbərinə məlumat ve­rilərək “Zabux” KSES-in 2,8 MVt, “Qa­rıqışlaq” KSES-in 4 MVt gücündə olduğu, birinci stansiyanın il ərzində 8-9 milyon, ikincinin isə 11-12 milyon kilovat-saat “yaşıl enerji” istehsal edəcəyi bildirilib. 

Bu il mayın 18-də isə Prezident İlham Əliyev “AzərEnerji” Açıq Səhmdar Cəmiy­yətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyalarının (SES) açılışlarını reallaş­dırıb. Ölkə rəhbərinə görülən işlər barədə məlumat verilərək bildirilib ki, işğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zona­sının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı dövlət başçısı­nın tapşırığına əsasən, “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonu­nun ərazisindən keçən hissəsində hər bi­rinin gücü 10,5 meqavat olmaqla 4 yerdə “Zəngilan” SES-lərin silsiləsi layihələndi­rilərək qısa vaxt ərzində tikilib. 

İşğaldan azad edilən ərazilərdə Zən­gilanda tikilən “Cahangirbəyli” SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. “Şayıflı” və “Zəngi­lan” SES-lər açılışa hazır vəziyyətə gə­tirilib, “Sarıqışlaq” SES-də isə işlər başa çatdırılıb.

“Yaşıl enerji” zonası konsepsiyası­na uyğun olaraq ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Zəngilan” və “Şayıflı” SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunub. Bunun üçün mikro SCADA siste­mi yığılıb, 25 kilometr məsafədə yüksək­gərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilib.

“Zəngilan” və “Şayıflı” SES-lərdə il ərzində hər birində 30 milyon kilovat-sa­at olmaqla, ümumilikdə, 60 milyon kilo­vat-saat “yaşıl enerji” istehsal ediləcək və bununla da 14 milyon kubmetr qaza qənaət edilməklə yanaşı, atmosferə atı­lan karbon qazının (CO2) həcmi 28 min ton azalacaq.

Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən hər iki SES-si su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Ümumi uzun­luğu 83 kilometr olan və 36 kilometrlik hissəsi Ermənistan ərazisindən keçən çaya mütəmadi olaraq Qacaran, Zəngə­zur mis-molibden və Qafan dağ-mədən kombinatlarının ağır metal tərkibli mədən tullantıları axıdılır. 

Bu amillərə görə, Oxçuçayın üzərin­də baş suqəbuledicinin yaradılması ener­ji istehsalından əlavə, ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Belə ki, baş suqəbuledicinin tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım edəcək. Çünki suqəbuledicinin yaradılması çirk­ləndirici maddələrin çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun ötürülməsinə və çay ekosis­teminin özünübərpasına zəmin yaradır. 

Bu məqamda qeyd edək ki, Azər­baycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidro­enerji potensialının yenidən tədqiqi barədə “AzərEnerji” ASC-yə verdiyi tap­şırığa əsasən, işğal dövründə dağıdı­lan SES-lərdən əlavə, ekoloji normalar daxilində yeni SES-lərin tikintisi barədə hesabat hazırlanıb. Həmin hesabatda bölgədə ümumi gücü 467 MVt olan 72 ki­çik su elektrik stansiyasının yaradılması nəzərdə tutulub. 

Yeri gəlmişkən, dövlət başçısının regionun dayanıqlı elektrik təchizatı in­frastrukturunun yaradılması və hidroe­nerji ehtiyatlarından səmərəli istifadə is­tiqamətində tapşırıqlarına uyğun olaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən 3 ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 SES ye­nidən qurulub və ya yeni tikilib. Ümumi gücü 44 MVt olan 4 SES-də isə avadan­lıqların quraşdırılması və sazlama işlə­rinə başlanılıb. Nəticədə bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi ya­radılıb və “Yaşıl dünya naminə həmrəylik ili” elan edilən 2024-cü ilin birinci yarısın­da ümumi gücü 270 MVt olan 32 SES-in istismara veriləcəyi nəzərdə tutulub. 

“AzərEnerji” ASC-nin məlumatına əsasən, həmin stansiyalarda il ərzində 600 milyon kilovat-saatdan çox “yaşıl enerji” istehsal ediləcək. Bununla da 160 milyon kubmetrdən artıq təbii qaza qə­naət edilməsi, atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması vəzifəsi reallaşacaq. 

Yuxarıda qeyd edilənlərdən əlavə, ümumi gücü 37,5 MVt olan 6 kiçik KSES) layihəsinin icrası ilə bağlı tender prose­durlarının keçirilməsinə başlanılıb. Bu layihələr üzrə stansiyaların 2025-ci ilin birinci yarısında istismara verilməsi plan­laşdırılıb. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat