Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti 2024-cü ilin sonuna kimi “Gilar” yatağından ilk filiz hasilatına başlamağı planlaşdırır.
Şirkətin bununla bağlı yaydığı məlumatda bildirilir ki, “Gilar” mədəninin işlənməsinə 2023-cü ildə başlanılıb və ilk filizin 2024-cü ilin sonunda hasil ediləcəyi gözlənilir. Qeyd olunur ki, “Gilar” yatağından zəngin filizlərin emalını gözləyərək “Gədəbəy” mədənində flotasiya qurğusunun məhsuldarlığı iki dəfə artırılaraq saatda 160 tona çatdırılıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Qeyd edək ki, “Gilar” yatağının ehtiyatları 249 min 83 unsiya qızıl, 46 min 466 ton mis və 48 min 786 ton sink olaraq qiymətləndirilir.
XQ