“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılan Astara terminalında genişləndirmə işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması gözlənilir.
Onun sözlərinə görə, 2017-ci ildə tikintisinə başlanılan bu infrastruktur Rusiya, Belarus və İran üzərindən tranzit yük həcmlərinin cəlbinə imkan yaradacaq.
E. Məmmədov qeyd edib ki, 2023-cü ildə Astara terminalına 800 min tona qədər yük cəlb edilib. Tikintisi tamamlandıqdan sonra infrastrukturun yükaşırma gücünün illik 4 milyon tona çatdırılacağı nəzərdə tutulub.
Xatırladaq ki, terminal İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 kilometr aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan “Astara Terminal” MMC tərəfindən aparılır.
Astara çayı üzərindəki körpüdən terminal ərazisinə qədər 1,4 kilometr uzunluğunda dəmir yolu xəttinin və onun mühafizə zolağının hasarlanmasının, terminal daxilində 8,7 kilometr uzunluğunda dəmir yolu xəttinin, ikiaşırımlı Bağçasaray körpüsünün, 5 suötürücü qanovun tikintisi tamamlanıb.
XQ