Birinci rübdə 153,4 milyon manatlıq ödəniş verilib
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, cari ilin birinci rübündə respublikada 17 sığorta şirkətinin xətti ilə 373 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7,6 faiz çox) sığorta haqqı toplanılıb. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153,4 milyon manata (illik müqayisədə 49,9 faiz çox) yüksəlib. Bu müddətdə sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 41,1 manatı (2023-cü ilin müvafiq dövründə bu göstərici 29,5 manat olub) ödəniş edilib.
Sığorta bazarında qarşıdakı dövrdə də müsbət göstəricilərin qeydə alınacağı, 2020-ci ildən gerçəkləşdirilən, perspektivdə də bir tendensiya kimi davam etdirilən böyümə trendinin 2024-cü ildə də müşahidə olunacağı əminliklə proqnozlaşdırılır. Çünki Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və sığorta bazarının iştirakçıları tərəfindən sektorun inkişafına hesablanan hədəflərə doğru sistemli addımlar atılır.
ASA-dan bildirildiyinə görə, yerli sığorta bazarı artıq bir ildir ki, davamlı böyümə və dayanıqlı inkişaf tempini qoruyub saxlayır. Ötən il sığorta yığımlarının ilk dəfə olaraq 1 milyard 20 milyon manata (2022-ci ilin analoji dövrü ilə müqayisədə, təqribən, 222 milyon manat çox) yaxınlaşması, başqa sözlə, 28 faiz böyüməsi bunun bariz ifadəsidir.
Ötən il baş verən sığorta hadisələrinə görə, həyata keçirilən ödənişlərdə də artım qeydə alınıb. Belə ki, Mərkəzi Bankın icmalına əsasən, 2023-cü ildə 455 milyon manat (2022-ci ilin eyni dövrü ilə müqayisədə 95,7 milyon manat çox) sığorta ödənişi həyata keçirilib.
Belə bir göstərici isə onu deməyə əsas verir ki, sığorta xidmətlərinə marağın artması tədricən və mərhələli şəkildə formalaşmaqdadır ki, bu da sığortadan faydalananların sayının artımında özünü davamlı büruzə verir. Sığorta sektorunda böyümədə bütün sığorta növləri kompleks şəkildə fəal rol oynayır.
Burada bir məqam da xüsusi vurğulanmalıdır. Sığorta sistemində yüksək nəticələrin əldə edilməsi, ilk növbədə, islahat tədbirlərinin uğurla davam etdirilməsi ilə əlaqədardır. Xüsusilə də Mərkəzi Bankın uğurlu tənzimləmə və nəzarət siyasəti, o cümlədən sektorun bütün peşəkar iştirakçılarının fəal təşəbbüskarlığı bir çox ilkləri və yenilikləri şərtləndirir. Məsələn, keçən il avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün elektronlaşdırılması prosesinin tam başa çatdırılması nəticəsində avtonəqliyyat vasitəsi sahibi avto-icbari sığorta məhsulunun satışı üzrə lisenziyaya malik istənilən qeyri-həyat sığorta şirkətinin rəsmi veb-saytına daxil olmaqla maneəsiz və vaxt itirmədən sığortalana bilir.
Sığorta sistemində xidmətlərə əlçatanlıq bununla kifayətlənməyib. Daşınmaz əmlak sığortası üzrə nəzarət mexanizmi yaradılıb. Başqa sözlə, ötən il iyunun 1-dən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosu arasında elektron informasiya inteqrasiyası prosesi yekunlaşdırılaraq daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə şəhadətnamələr kağız daşıyıcıdan elektron formaya keçirilib. Bununla da adıçəkilən sığorta növləri üzrə uzun müddət gözlənilən nəzarət mexanizmi formalaşdırılıb.
Sığorta fəaliyyətində maarifləndirmə layihəsi də uğurla davam etdirilib. Mərkəzi Bank, ASA və İcbari Sığorta Bürosu arasında imzalanan “Sığorta savadlığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memoranduma əsasən, ölkədə ümumrespublika səviyyəsində sığorta maarifləndirməsi layihəsinə start verilib. Layihənin icrası dövründə sığorta növlərinin təbliği, geniş əhali qruplarının müxtəlif kommunikasiya kanalları vasitəsilə sığortanın üstünlükləri və qazandırdığı dəyərlər barədə məlumatlandırılması əsas mövzu istiqamətləri olub.
Layihə çərçivəsində həyata keçirilən tədbirlər uğurlu nəticələrlə yadda qalıb: 2021-ci ildə sığorta bazarı 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə 28 faiz, cari ilin birinci rübündə isə 18 faiz böyümə qeydə alınıb.
Sığorta sistemində həyata keçirilən islahatlar çərçivəsində kadr potensialının möhkəmləndirilməsi də diqqətdə saxlanılıb. Bu məqsədlə Mərkəzi Bank və ASA tərəfindən Türk Sığorta İnstitutu Vəqfi ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə “Aktuari inkişaf proqramı” həyata keçirilib. Bundan əlavə, Azərbaycanda əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə ASA və Banklar Assosiasiyası tərəfindən genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırılıb. Həmin platforma ilə bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud risklərə qarşı sığorta təminatının genişləndirilməsi, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsi və müştərilərə təqdim olunması nəzərdə tutulub, sözügedən istiqamətlərdə müəyyən layihələr gerçəkləşdirilib.
Nəhayət, Azərbaycanın sığorta bazarının son illərdəki beynəlxalq əlaqələri istiqamətində qeydə alınan yeniliklər barədə də bəhs etmək istərdik. Yeri gəlmişkən, hər bir sahədə olduğu kimi, sığorta sektorunda da beynəlxalq əlaqələrin formalaşdırılması və dünya trendlərinin mütəmadi olaraq izlənməsi diqqət mərkəzində saxlanılıb. ASA ilə Türkiyə Sığorta Birliyi arasında 2020-ci il noyabrın 24-ü ilk dəfə qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub. 2022-ci il mayın 24-də Türkiyənin İstanbul şəhərində keçirilən sığorta zirvəsi toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığorta birliklərinin rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edilib. Elə həmin il adıçəkilən birliyin Yol xəritəsi hazırlanıb və üzv ölkələrlə razılaşdırılıb.
Vaqif BAYRAMOV
XQ