“Şahdəniz”: Dənizdə şahanə qaz yatağı

post-img

Bu ilin ilk rübündə buradan 7 milyard kubmetr qaz və 1 milyon ton kondensat çıxarılıb

Azərbaycanı dünyanın potensial qaz ölkəsinə çevirən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi uğurla davam etdirilir. “BP-Azərbaycan” şirkətinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 719 milyon dollar, əsaslı məsrəflərinə isə 201 milyon dollar xərclənib. Həmin vəsaitin isə böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf olunub. 

Məlumatda bildirilir ki, cari ilin ilk rübü ərzində qazın “Şahdəniz” yatağından Azərbaycan (“Azər­kontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çox­saylı obyektlər üçün BTC şirkətinə, eləcə də Av­ropadakı alıcılara çatdırılması davam etdirilib. 

Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara ve­rilib. Hazırda həmin qurğuların gündəlik hasilat gücü təxminən 79,5 milyon (ildə 29 milyard kubmetr) kubmetr təşkil edir. Bu ilin birinci rübündə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” adlı platfor­malardan, ümumilikdə, təqribən 7 milyard kub­metr qaz və 1 milyon ton kondensat çıxarılıb. 

Məlum olduğu kimi, layihə səhmdarlarının yekdil qərarına əsasən, “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi qərara alınıb. Xatır­ladaq ki, birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərin­də, hasilata isə 2006-cı ilin sonlarında başlanılıb. 

Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Belə ki, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə ola­raq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkəti­nin dünya üzrə operatoru olduğu ən iri sualtı in­frasrukturdur. Təxminən, 28 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümu­milikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin de­tallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və iki yeni kom­pressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir. 

“Şahdəniz” yatağının ikinci işlənmə mərhələ­sində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahında­kı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını da işlənməyə daxil ediblər. 

2024-cü ilin birinci rübünü də layihə üçün uğurlu hesab etmək olar. Belə ki, fevralın 13-də bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırıldıqdan sonra yatağın şərq-şi­mal cinahından hasilata başlanıb. Bununla da, “Şahdəniz-2” layihəsinə daxil olan beş sualtı iş­lənmə cinahının əhatə etdiyi bütün sualtı infrast­rukturun – boru kəmərləri, hasilat manifoldları, sualtı elastik kabellər və birbaşa elektrik isitmə sisteminin təhvili uğurla başa çatdırılıb. 

İlin əvvəlindən etibarən “Xankəndi” sualtı ti­kinti gəmisi ilə layihə çərçivəsində göstərilən xidmətlərin həcmi xeyli genişləndirilib. Hesabat dövründə sözügedən dəniz nəqliyyatı vasitəsilə layihənin quraşdırma və istismaravermə işləri ilə yanaşı, yatağın işlənməsinə dair daimi fəaliyyət­lərə də dəstək verilməyə başlanıb. Bura hazırda istismarda olan “Şahdəniz-2” sualtı hasilat ob­yektlərində aparılan bütün xidmətlər, tədqiqatlar və müdaxilə işləri daxildir.

Cari ilin yanvar-mart aylarında konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Rüb ərzində “Şahdəniz Alfa” platformasının qaz­ma qurğusunda profilaktik işlər aparıldığından burada quyu qazılmayıb. Bununla belə, “İstiq­lal” və Heydər Əliyev qazma qurğuları vasitəsilə “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işlər davam etdirilib. Bura yatağın şərq-şimal cinahında SDH03 quyusunun tamamlama işlə­ri və qərb cinahında SDD05 quyusunun qazma işlərinin başlanması daxildir. Ümumilikdə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 21 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şimal, 4-ü qərb, 4-ü şərq-cənub, 5-i qərb-cənub, 3-ü isə şərq-şimal cinahlarında qa­zılıb. 

Bu ilin birinci rübündə “Şahdəniz” müqavilə sahəsində hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymət­ləndirmək məqsədilə qazılmış SDX-8 kəşfiyyat quyusundan əldə olunmuş məlumatların təhlili davam etdirilib. Qeyd edək ki, sözügedən qu­yunun qazılmasına 2023-cü il yanvarın 20-də Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə başlanılıb. İlin son ayında quyu 7 min metrlik layihə dərinliyinə çatdırıldıqdan sonra təh­lükəsiz şəkildə müvəqqəti olaraq bağlanıb. 

Xatırladaq ki, “Şahdəniz” layihəsinin iştirakçı­ları BP (operator – 29,99 faiz), Cənub Qaz Dəhlizi (21,02 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz) NİKO (10 faiz) şirkətləridir. 

“Şahdəniz” yatağından hasil edilən qaz su­altı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Terminaldakı mövcud qurğular isə qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə (CQBK) ötürür. Yeri gəlmişkən bu ilin ilk rüb ərzin­də terminaldan gündəlik orta hesabla, təxminən 75 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub. Hesabat dövründə boru kəmərinin səmərəli idarə edilməsi məqsədilə yaradılmış şirkətin səhmdar­ları tərəfindən CQBK-nin əməliyyat tədbirlərinə təqribən 17,3 milyon dollar, əsaslı məsrəflərinə isə 1,2 milyon dollar xərclənib. 

Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alı­cılara daha çox qaz çatdırmaq məqsədilə kəmə­rin imkanları xeyli genişləndirilib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommer­siya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. 2024-cü ilin ilk rübü ər­zində CQBK-nin ixrac üçün gündəlik orta ötürücü­lük gücü 61,7 milyon kubmetr təşkil edib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat