İkinci böyük enerji nəhəngimiz “dinc”ə çıxır

post-img

“AzərEnerji” ASC ölkənin ikinci böyük elektrik stansiyası olan, Bakının Şüvəlan qəsəbəsində yerləşən 800 meqavatlıq “Şimal” Elektrik Stansiyasında reqlament üzrə təmir-təftiş işləri aparır.

“AzeEnerji”dən aldığımız məlumata görə, texniki-iqtisadi göstəricilərin yax­şılaşdırılması və istismar səviyyəsinin yüksəldilməsi üçün analoji proses 2021-ci ildə 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasında da həyata keçirilmişdi və hazırda isə 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasında kompleks təmir işləri görülür.

Qaz turbinində, generatorda, trans­formatorlarda, ötürmə xətlərində, idarəet­mə və təsirlənmə sistemlərində aparılan təmir-təftiş işləri “AzərEnerji”nin “Şimal” Elektrik Staniyasının və “Enerjiservis” MMC-nin, həmçinin istehsalçı “Mitsubishi Power Europe, Ltd.” şirkətinin mütəxəs­sisləri tərəfindən həyata keçirilir. 

Yeni texnologiyaların və əlavə rəqəm­sal avadanlıqların tətbiqi nəticəsində stansiyanın səmərəliliyi daha da yüksələ­cək. Bununla da əvvəllər hər kilovat-sa­ata görə, təqribən, 220-222 qram şərti yanacaq sərf edilirdisə, indi bu rəqəm hər kilovat-saata görə 215-216 qrama qədər düşəcək, eyni zamanda, təbii qaza qənaət edilməklə yanaşı, karbon emisi­yasın azalmasına səbəb olacaq.

Paralel olaraq, “Şimal-2” Elektrik Stansiyasının dənizə geri buraxılan so­yutma suyunun üzərində yaradılan kiçik su elektrik stansiyasında da “AzərEnerji” tərəfindən qrafikə uyğun təmir işləri apa­rılır. 

Sonda onu da qeyd edək ki, ümumi­likdə, “Şimal” Elektrik Stansiyası ölkədə­ki istilik elektrik stansiyaları arasında ən yüksək faydalı iş əmsalına malik olan infrastrukturdur və bu stansiya 57 faiz faydalı iş əmsalına görə, Cənubi Qafqaz regionunda ilk yerdə qərarlaşıb.

XQ

İqtisadiyyat