Ötən ilin sonuncu günü Bakı metropoliteninin bütün stansiyalarında istifadəyə verilən QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb. Fevral ayı ərzində 148 min 025 sərnişin məhz bu üsulla ödənişə müraciət edib.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb –14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər. Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4 823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gediş haqqına etibar edənlərin sayı artır.