Kənd Təsərrüfatı Nazirliyində Braziliya Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilib. Məhz bu siyasət nəticəsində ölkəmizdə aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir Məcnun Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sektora dövlət dəstəyi, kənd təsərrüfatı sahəsində aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Görüşdə Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi məsələsi müzakirə edilib.
Nazir Məcnun Məmmədov ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Braziliyalı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.
Görüşdə kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.