“Odlar yurdu” dünyaya “yaşıl enerji” nümunəsi təqdim edir

post-img

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra mühüm sənədlərdə respublikamızda dayanıqlı inkişaf edən rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabət qabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi, həmçinin işğaldan azad olunan ərazilərə qayıdışın və təmiz ətraf mühitin gerçəkləşdirilməsi istiqamətləri xüsusi yer alıb. 

Azərbaycanın 2030-cu ilədək 5 mili sosial-iqtisadi inkişaf prioritetindən biri “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” olaraq müəyyənləşdirilib. Bu təşəb­büsə uyğun olaraq artıq neçə ildir ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırıl­ması, yaşıllaşmanın bərpası və artırılma­sı, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə layihələrin icrasına baş­lanılıb. Bununla əlaqədar istixana qazları emissiyasını baza (1990-cı il) göstəricisi ilə müqayisədə 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmaq qar­şısına əsas hədəf kimi qoyulub.

Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi müna­sibətilə keçirilən andiçmə mərasimində bununla bağlı deyib: “Qarşıda duran ən vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralarda­yıq, artıq işlərə start verildi. Bizim plan­larımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni ener­ji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq im­zalanmış kontraktlar əsasında olacaq­dır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcm­də təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq”. 

Prezident İlham Əliyev nitqində, bundan sonra elektrik enerjisinin böyük hissəsinin bərpaolunan enerji hesabına istehsal ediləcəyini, bununla da Azərbay­canın iqlim dəyişikliyi məsələlərinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsin­də də bu barədə ətraflı bəhs edib. Döv­lətimizin başçısı müxbirin “Cari il həm də çox həlledici ildir. COP29 üfüqdədir. Bərpaolunan enerji layihələrinin həyata keçirilməsi, həqiqətən, Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yön­ləndirdiyini göstərir” fikrinə münasibət bil­dirərək deyib: “Düşünürəm ki, bu, bizim ümumi “yaşıl enerji” gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıra­larda olmalıdır. Biz bunu ənənəvi ehtiyat­larımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpa­olunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anla­yış yaratmaq istəyirik”. 

Ölkə rəhbəri fikirini davam etdirərək hər il bunun Bakıda nəzərə çarpdığını, dəniz kənarında, hətta Bakının mərkə­zində yaşayan hər kəsin Xəzər dənizinin getdikcə daha da dayazlaşmasını şahidi olduğunu vurğulayıb: “Biz iqlim dəyişik­liyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağları­mızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”.

Prezident İlham Əliyev müsahibədə, eyni zamanda, Azərbaycanın bərpaolu­nan enerji layihələri gündəliyinin çox iddi­alı olduğunu, Beynəlxalq Maliyyə Korpo­rasiyasının hesablamalarına əsasən, bu sahədə Xəzər dənizinin Azərbaycan sektorunda potensialın 157 giqavat təşkil etdiyini də diqqətə çatdırıb. Əlavə edib ki, Azərbaycan artıq bu mühüm yolu qət etməyə başlayıb. Ölkə rəhbəri, həmçinin qarşıdakı 10 ilə respublikada bərpaolu­nan enerjidən maksimum dərəcədə isti­fadə edilməsinin və daxili bazarda təbii qaz istehlakınının azaldılmasının plan­laşdırımasını da xatırladıb. 

Yeri gəlmişkən, ölkəmizdə Naxçı­van Muxtar Respublikası, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqti­sadi rayonları “yaşıl enerji zonaları” elan edilib. Həmçinin ətraf mühitin mühafizəsi düşməndən təmizlənən ərazilərin irimiq­yaslı bərpa və yenidənqurma prosesində prioritet istiqamət olaraq qəbul olunub. Bu ərazilərdə artıq “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tət­biqinə, ekosistemin bərpasına başlanılıb. 

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bərpaolunan enerji layihələrinin icra­sı bu torpaqlar işğaldan azad edilən ilk vaxtlardan etibarən diqqət mərkəzində saxlanıb. Belə ki, 2021-2023-cü illərdə Azərbaycanın bu bölgələrində ümumi gücü 170 meqavatt olan su elektrik stan­siyaları istismara verilib. Eyni zamanda, cari ilin sonunadək bu stansiyaların gü­cünün 270 meqavata çatdırılacağı, bir neçə il sonra isə həmin göstəricinin 500 meqavata yüksəldiləcəyi qarşıya mü­hüm vəzifə kimi qoyulub. Yeri gəlmişkən, ötən ilin oktyabr ayında respublikamızda Xəzər dənizi və Qafqaz regionunda ən böyük elektrik stansiyası olan 230 meqa­vatt gücündə Qaradağ Günəş Elektrik Stansiyası istismara verilib. 

Ümumiyyətlə, Azərbaycan bərpaolu­nan enerji mənbələri ilə zəngin ölkədir. Hesablamalara görə, respublikamızın quruda külək və günəş enerjisi üzrə po­tensialı təqribən 37 qiqavatt təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı isə təqribən 157 qiqavata bərabərdir. 

Mütəxəssislərin fikrincə, ənənəvi elektrik enerjisi istehsalından “yaşıl ener­ji”yə sürətli keçid müəyyən zaman tələb edir. Bu məsələdə investisiya qoyuluşu da zəruri amillərdən biridir. Amma bərpa­olunan enerjiyə keçid heç də neft, qaz və kömür kimi enerji mənbələrinin istifadə­sinə son qoymaq anlamına gəlmir. 

Azərbaycan Prezidenti “Euronews” televiziyasına müsahibəsində də bu məsələyə toxunub. Dövlətimizin başçısı deyib: “Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdə­dir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən in­sanların ehtiyaclarını təmin etmək və “ya­şıl enerji” gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət ve­rin. Ümidvaram ki, mesajım eşidiləcək”.

Azərbaycan rəhbəri yenidən ölkə Pre­zidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində də bu məqama toxunaraq bildirib ki, ənənəvi yanacaq növləri – neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz inves­torlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir. 

Dövlət başçımızın vurğuladığı kimi, ölkəmizdə istər neft-qaz hasilatının sa­bitləşməsi, istərsə də bu sahənin ixrac imkanlarının genişləndirilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilməklə bə­rabər, “yaşıl enerji” mənbələrinin sürətlə işə salınması da zamanın prioritet is­tiqaməti kimi diqqətdə saxlanılır və bu yöndə davamlı layihələr gerçəkləşdirilir. Qısa dövr ərzində “təmiz ətraf mühitə və yaşıl artıma malik ölkə” təşəbbüsünün gerçəkləşməsi istiqamətində görülən ge­nişmiqyaslı işlər də bunun parlaq ifadə­sidir. 

Bu məqamda onu da deyək ki, Azər­baycanda hasil olunan “yaşıl enerji”nin əsas satış bazarı Avropadır və artıq bər­paolunan enerji mənbələrindən enerji tə­darükünün reallaşdırılmasına hazırlaşılır. 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün gerçəkləşdirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq sazişinin imza­lanması da bunun bariz ifadəsidir. Xatır­ladaq ki, əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqa­vatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin inşası gözlənilir.

Kabel Azərbaycanda istehsal olu­nan “yaşıl elektrik” enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropa­nın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulur. Bir sözlə, Azərbaycanın daxili planında “yaşıl enerji”nin inkişafı, Qarabağın “təmiz" enerjiyə çevrilməsi, beynəlxalq səviyyədə isə “təmiz elektrik enerjisi”nin yeni enerji körpüləri vasitəsilə Avropaya ixracı əsas yer tutur.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat