Enerji Effektivliyi Fondu güzəştli kreditlər verəcək

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 1 mart tarixli Fərmanı ilə təsdiq edilən “Enerji Effektivliyi Fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun 16.4-cü maddəsinə uyğun olaraq hazırlanıb. Həmin Qayda ilə Enerji Effektivliyi Fondunun vəsaitinin formalaşdırılması və ondan istifadə ilə əlaqədar hüquqi və təşkilati məsələlər tənzimlənib. 

Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması, habelə təşviqi məqsə­dilə yaradılıb və dövlət başçısının mü­vafiq fərmanı ilə Enerji Məsələlərini Tən­zimləmə Agentliyi qismində Energetika Nazirliyi fondun vəsaitinin sərəncamçısı kimi müəyyən edilib. Adı çəkilən nazirliyə, eyni zamanda, fondun vəsaitinin forma­laşdırılmasına və idarə olunmasına ümu­mi nəzarətin həyata keçirilməsi tapşırılıb. 

Qaydaya əsasən, kreditlər Energetika Nazirliyi yanında Enerji Məsələləri Tən­zimləmə Agentliyi tərəfindən müvəkkil kre­dit təşkilatları vasitəsilə veriləcək. Hər bir layihə üzrə fondun vəsaitindən müəyyən hədlərdə güzəştli kredit ayrılacaq. Belə ki, vəsitlər kiçik (min manatdan 50 min mana­ta qədər), orta (50 min manatdan 1 milyon manata qədər) və böyük kreditlər (1 mil­yon manatdan 10 milyon manata qədər) üzrə müəyyən ediləcək. Kiçik kreditlər 5 il, orta kreditlər 10 il, böyük kreditlər isə 15 il müddətində ödəniləcək. 

Güzəştli kreditlər üzrə illik faiz dərə­cələrinin yuxarı həddini Enerji Məsələlə­ri Tənzimləmə Agentliyi müəyyən edir. Fiziki və ya hüquqi şəxs aldığı güzəştli kredit üzrə faiz borclarını müqavilə şərt­lərinə uyğun olaraq hər ay, əsas borcu isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödəməli­dir. 

Sənəddə müvəkkil kredit təşkilatla­rın müəyyən meyarlara uyğunluğu da öz ifadəsini tapıb. Belə ki, müvəkkil kredit təşkilatların fəaliyyətində Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi minimum məcmu kapital, kapital adek­vatlığı və likvidlik əmsalları üzrə pruden­sial tələblərə cavab vermələri nəzərdə tutulub. Eyni zamanda, Qaydada son 2 ildə kredit portfelində (2016-cı il yanvarın 1-dən əvvəl verilib sonradan restrukturi­zasiya edilmiş kreditlər istisna olmaqla) qeyri-işlək kreditlərinin (balansdan silin­miş kreditlərin qalıqları nəzərə alınmaq­la) payı 10 faizdən yuxarı olmaması qeyd edilib. 

Sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkarlan­dıqda, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi və formal tələb­lərə əməl olunmamasının hüquqi nəti­cələri müraciət edən şəxsə bildiriləcək. Çatışmazlıqlar ən geci 10 iş günü müd­dətində aradan qaldırılmadıqda, müra­ciətin baxılmamış saxlanılması haqqında qərar qəbul olunacaq və bu barədə məlu­mat müraciət edən şəxsə 3 iş günü müd­dətində təqdim ediləcək. 

Yeri gəlmişkən, sənəddə adı vurğu­lanan kredit təşkilatları güzəştli kredit vəsaitinin fiziki və ya hüquqi şəxslərə çatdırılması üçün Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzim­ləmə Agentliyi ilə müqavilə bağlayan və sözügedən qaydanın 4.4-cü bəndində nəzərdə tutulan meyarlara cavab verən banklar və bank olmayan kredit qurum­larıdır.

Qaydaya görə, fiziki və ya hüquqi şəxslər barədə təqdim edilən ərizədə nəzərdə tutulan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitə­silə əldə olunur. Müvəkkil kredit təşkilatı Enerji Məsələləri Tənzimləmə Agentliyi­nin müəyyənləşdirdiyi layihələrin tərtib olunmasına dair minimal tələbləri təhlil edərək, layihəyə güzəştli kreditin ayrıl­ması və ya imtina barədə ilkin qərarını fi­ziki və ya hüquqi şəxsə bildirir. Həmçinin layihənin maliyyələşdirilməsi müvəkkil kredit təşkilatı ilə fiziki və ya hüquqi şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Müvəkkil kredit təşkilatları tərəfindən layihələri maliyyələşdirilən fiziki və ya hüquqi şəxslər haqqında hər rüb bitdik­dən sonra növbəti ayın ilk 5 bank günün­dən gec olmayaraq sözügedən agentliyə məlumat verilir. Təqdim olunacaq məlu­matın forması Energetika Nazirliyi tərə­findən müəyyənləşdirilir.

Müvəkkil bankların fonddan cəlb et­dikləri vəsaitin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapi­talının 100 faizinə qədər ola bilər.

Kredit təşkilatının müraciəti əsasında ayrılmış ilkin vəsait üzrə maliyyə ilinin başa çatmasına 3 ay qalana qədər, əlavə olaraq ayrılmış vəsait üzrə isə ilin sonuna 1 ay qalana qədər 80 faizdən az istifa­də edilərsə, vəsaitin istifadə olunmayan hissəsinə yuxarı hədd müəyyənləşdirilən tarixdən etibarən müvafiq şəkildə oktyab­rın 1-nə qədər və ya dekabrın 1-nə qədər hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır. 

Müvəkkil kredit təşkilatı həmin vəsai­tin Enerji Effektivliyi Fonduna köçürülmə­sini gecikdirdikdə, “Enerji effektivliyi fon­dunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”na uyğun olaraq cərimə ödəməlidir. Gecikdirmə 30 iş günündən çox olarsa, Enerji Məsələləri Tənzimləmə Agentliyi müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya mü­vəkkil kredit təşkilatı kimi onun xidmətin­dən imtina edə bilər.

Müvəkkil kredit təşkilatı istifadə etdiyi vəsait üzrə əsas borcu və hesablanmış faizləri adı çəkilən agentliklə bağladığı müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 iş günündən gec olmaya­raq Enerji Məsələləri Tənzimləmə Agent­liyinə ödəməlidir.

Fors-major hadisələrlə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbə­bindən agentliyin müəyyən etdiyi qayda­da müvəkkil kredit təşkilatlarının həmin qurumun qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.

Fiziki və ya hüquqi şəxs tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdə­liklər üzrə ödənişlərin həyata keçirilmə­sindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı agentlik qarşısında öz öhdəlik­lərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir. Müvəkkil kredit təşki­latı agentlik qarşısında öhdəliklərinin ge­cikdirildiyi hər gün üçün, lakin 120 gün­dən çox olmamaq şərtilə, köçürülməyən vəsaitin 0,1 faizi qədər cərimə ödəyir. Müvəkkil kredit təşkilatı öhdəliklərini icra etmədikdə, agentlik Enerji Effektivliyi Fondunun vəsaitinin qaytarılması üçün tədbirlər görür.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat