Azərbaycan malları xarici bazarları fəth edir

post-img

2023-cü ildə qeyri-neft sektorunda ixrac 3,3 milyard dollara yüksəlib

Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub. 

Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilmə­si, eyni zamanda, istehlak malları­nın keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelə­rini gücləndirib. Şübhəsiz ki, stan­dartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxı­şını stimullaşdırıb. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırla­dığı “İxrac icmalı”nın yanvar sayına əsasən, yuxarıda vurğulanan təd­birlər nəticəsində 2023-cü il ərzində Azərbaycanın ümumi ixracı 33,9 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz arta­raq 3,3 milyard dollar təşkil edib. Hesabat dövründə yeyinti məhsulla­rı üzrə ixrac 928 milyon dollara bə­rabər olub. Elektrik enerjisinin ixracı 3,3 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 1,9 dəfə, plastmas və ondan hazırlanan məmulatların ixracı 19,3 faiz, qara metallardan məmulatların ixracı 13,3 faiz, meyvə-tərəvəz ixra­cı isə 8,7 faiz artıb. 

Hesabat ilində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (402,5 milyon dollar) birinci olub. Qızıl (162,8 milyon dollar) ikinci, pomi­dor (tomat) (162 milyon dollar) isə üçüncü yerdə qeydə alınıb. Belə yüksək göstəricilər 2023-cü ilin de­kabrında da əldə edilib. Məsələn, həmin ay qeyri-neft ixracı 3,8 faiz artaraq 314,3 milyon dollara ça­tıb. Yeyinti məhsulları üzrə ixrac 0,9 faiz artımla 106,6 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 5,4 faiz artımla 207,7 milyon dollar təşkil edib. Bu dövrdə qey­ri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (110,3 milyon dollar) birinciliyə yüksəlib. Türkiyə (55,1 milyon dollar) ikinci və Gür­cüstan (32,6 milyon dollar) üçüncü yerdə qeydə alınıb. Həmin müddət­də ixrac edilən qeyri-neft sektoru­na aid malların siyahısında xurma (35,8 milyon dollar) birinci, elektrik enerjisi (23,2 milyon dollar) ikinci və pomidor (tomat) (21,3 milyon dollar) üçüncü olub.

Yeri gəlmişkən, keçən il Rusiya Federasiyasına 1,1 milyard dol­lar, Türkiyəyə 783,9 milyon dollar, Gürcüstana 332,5 milyon dollar, İsveçrə Konfederasiyasına 175,3 milyon dollar, Qazaxıstana isə 95 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. “İx­rac icmalı”nda bu ilin yanvar ayı ər­zində “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 11,5 milyon dollara yüksəlib. 

İcmalda qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar–dekabr ayla­rında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin rey­tinqi də diqqətə çatdırılıb. Belə ki, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda Elvin Şiri­nov, Sahibə Muradova, “Baku Steel Company” QSC, “Azərbaycan İnter­neyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı Nü­mayəndəliyi, “MKT İstehsalat Kom­mersiya”, “Best Logistik”, “My Fruit”, “STP Global Cable”, “P-Aqro” və “Mors Trading” məhdud məsuliyyət­ləri cəmiyyətləri yer alıblar. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən döv­lətə məxsus şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edib. Daha sonrakı yerlərdə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer”, “Azəra­lüminium”, “Azərpambıq Aqrar Səna­ye Kompleksi”, “Azəripək” məhdud məsuliyyətli cəmiyyətləri, “AzerGold”, “Azərbaycan Hava Yolları”, həmçinin “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətləri və Naxçıvan MR Dövlət Energetika Xidməti təmsil olunublar. 

Hesabat ilində Kosmik Agentli­yinin (“Azərkosmos”) də ixrac fəa­liyyəti diqqət çəkib. Bu qurum tərə­findən sözügedən dövrdə dünyanın 48 ölkəsinə 19,8 milyon dollar dəyərində peyk telekommunikasi­ya xidmətləri ixrac olunub. “Azər­kosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin dekabr ayında isə qurum dünyanın 45 ölkəsinə 1,8 milyon dollar dəyə­rində xidmət ixracı həyata keçirib. 

Hesabat ili ərzində peyk tele­kommunikasiya xidmətləri ixracının ilk beşliyində isə 5,8 milyon dollar ilə Birləşmiş Krallıq, 4,1 milyon dollar ilə Lüksemburq, 1,6 milyon dollar ilə BƏƏ, 1 milyon dollar ilə Almaniya və 724,9 min dolları ilə Nigeriya qərarlaşıb.

Ötən il ixracın həyata keçirilmə­sində önəmli rol oynayan “Azexport.az” portalının fəaliyyəti istiqamətin­də də müəyyən layihələr gerçəkləş­dirilib. İİTKM-də ötən ilin hesabatına dair keçirilən mətbuat konfransında bu barədə ətraflı bəhs edilib. Quru­mun icraçı direktoru, professor Vü­sal Qasımlının sözlərinə görə, he­sabat dövründə bu portal vasitəsilə 56 sərbəst satış sertifikatı təqdim olunub. Bununla da sertifikatların ümumi sayı 689-a çatdırılıb. Cari il isə “Azexport” vasitəsilə ölkədaxili məhsul-çatdırma xidməti istifadəyə verilib. Eləcə də, “Azexport”un xətti ilə ilk dəfə ABŞ-a məhsul ixrac edi­lib. Portalın daha bir yeniliyi isə “Me­taverse” platformasında 10 şirkət və yerli media qurumları üçün virtual stend və konfrans zalının quraşdı­rılması olub.

İİTKM-də hesabat konfransında “Bir pəncərə” İxraca Dəstək Mərkə­zi tərəfindən 2023-cü ildə, ümumi­likdə, 5 ölkəyə – İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyaya 243 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. İxrac edilən məhsullar isə əsasən, qiymətli me­tallar, süd və qənnadı məhsulları, polad boru və pambıq mahlıcı olub.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat