“Bir pəncərə” ilə 5 ölkəyə 240 milyon dollardan çox ixrac həyata keçirilib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında  “Bir pəncərə” İxraca Dəstək Mərkəzi xətti ilə 2023-cü ildə, ümumilikdə, 5 ölkəyə – İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyaya 243 milyon dollar dəyərində ixrac həyata keçirilib. O qeyd edib ki, ixrac edilən məhsullar isə əsasən, qiymətli metallar, süd və qənnadı məhsulları, polad boru və pambıq mahlıcı olub.

V.Qasımlı ötən ildə də İİTKM-in  “Beyin və əməl” mərkəzi kimi fəaliyyətini davam etdirdiyini, hesabat ili ərzində qurumun qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməklə yanaşı, bir sıra yeniliklər etdiyini bildirib. 

Mərkəzin icraçı direktoru daha sonra İİTKM-də elektronlaşdırılan təkmil monitorinq və qiymətləndirmə institutunun formalaşdırıldığını, burada süni intellektin imkanlarından da istifadə edildiyini vurğulayıb. Natiq bundan başqa,  ötən il 10 dövlət sənədinin, o cümlədən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”  və digər sənədlər üzrə 6 hesabatın hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyini  diqqətə çatdırıb. 

XQ

İqtisadiyyat