Avropanın 8 ölkəsi Azərbaycan qazı ilə isinir

post-img

Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi getdikcə güclənir. Ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təməli isə Avropa Birliyi və onun üzv dövlətləri ilə 1999-cu il iyulun 1-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Ötən müddətdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan son illər Azərbaycanın şaxələndirilmiş boru kəmərləri sisteminə malik olması enerji əməkdaşlığının daha da möhkəmləndirilməsinə səbəb olub. 

2022-ci ilin yayında Avropa Komissi­yasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana rəsmi səfəri çərçi­vəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəf­daşlığa dair Anlaşma Memorandumu­nun imzalanması ilə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Artıq Azər­baycan strateji tərəfdaşı olduğu Avropa İttifaqı ilə bir çox sahələrdə fəal dialoq aparır. Neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir. 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin gələcək üçün yol xəritəsi kimi dəyərləndirdiyi Anlaşma Memorandumu Azərbaycanla Avropa İttifaqı arasında planlaşdırılan bütün məsələlərin həl­linə imkan yaradacaq. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkə­mizin “köhnə qitə”nin enerji təhlükəsiz­liyinin təminatına mühüm töhfələr vedi­yini diqqətə çatdıraraq deyib: “Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini nəinki dəstəkləyir, hətta bir çox hallar­da bizə müraciətlər də olmuşdur və bu müraciətlərə biz müsbət cavab vermiş­dik. Avropa Komissiyası qeyd etdiyiniz kimi, Azərbaycanı etibarlı tərəfdaş ad­landırıb. Avropa İttifaqının Enerji Komis­siyası isə Azərbaycanı Panavropa qaz təchizatçısı adlandırmışdır və onlar tam haqlıdır”.

Məlum olduğu kimi, ötən il Azər­baycandan Avropa bazarlarına 11,8 milyard kubmetr qaz ixrac olunub. Bütövlükdə isə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adri­atik Boru Kəmərinin istismara veril­diyi 2020-ci il dekabrın 31-dən ötən müddətdə ölkəmiz “köhnə qitə”dəki tərəfdaşlarına təqribən 31,5 milyard kubmetr təbii qaz göndərib. Avropa məkanına ixrac etdiyimiz qazın həcmi çox olmasa da, bu, ölkəmizin ümumi ixracının yarısıdır. Bununla belə, Pre­zidentimizin qeyd etdiyi ki, Azərbaycan qazının ixrac coğrafiyası, həqiqətən də, ölkəmizin Panavropa təchizatçısı olduğunu təsdiq edir. 

Yeri gəlmişkən, ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Ser­biya–Bolqarıstan qaz interkonnekto­runun açılış mərasimində Azərbaycan Prezidentinin iştirak etməsi ölkəmizin Avropa ölkələrinin enerji təhlükəsizli­yinin təminatında getdikcə artan rolu­nun təzahürüdür. Xatırladaq ki, Serbiya Azərbaycan qazının sayca 8-ci alıcısı­dır. Bundan əvvəl isə ölkəmiz Gürcüs­tan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya və Macarıstana qaz ixrac edib. 

Heç şübhəsiz, XXI əsrin ən nəhəng enerji marşrutlarından sayılan Cənub Qaz Dəhlizinin Avropanın enerji xə­ritəsinin zənginləşdirilməsində rolu danılmazadır. Çünki Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan “mavi yanacaq” məhz Cənub Qaz Dəhlizinin qolları olan interkonnektorlar (birləşdiri­ci kəmərlər) vasitəsilə Avropa ölkələri­nin ərazisinə daxil olur. Təsadüfi deyil ki, dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı Yuna­nıstan–Bolqarıstan və Bolqarıstan–Serbiya, eləcə də Rumıniya və Maca­rıstan interkonnektorlarını Cənub Qaz Dəhlizinin budaqları, təkanverici qüv­vəsi kimi dəyərləndirib. 

Hazırda Cənub Qaz Dəhlizinin indi tam gücü ilə işlədiyini bildirən Prezident İlham Əliyev bildirib ki, əgər bu dəhliz­lə biz əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin. Bunun üçün əlavə vəsaitin tələb olu­nacağı isə şəksizdir. Cənub Qaz Dəh­lizinin nasos stansiyaları vasitəsilə ge­nişləndirilə biləcəyini vurğulayan dövlət başçısı müsahibəsində onu da qeyd edib ki, Avropada “mavi yanacağ”a tələbatın getdikcə artdığı indiki şəraitdə gələcəkdə Azərbaycanda yeni qaz inf­rastrukturunun yaradılması məsələsinə də baxıla bilər.

Azərbaycanın Avropanın əsas qaz tədarükçüsü kimi əhəmiyyətinin get­dikcə artacağını vurğulayan Prezident İlham Əliyev hazırda bir neçə ölkə ilə danışıqlar aparıldığını diqqətə çatdı­raraq gələcəkdə alıcılarımızın sayının coxalacağını bildirib. Bunun üçün isə ölkəmizin kifayət qədər qaz ehtiyatla­rı var. Bu baxımdan dünyanın ən bö­yük qaz-kondensat yatağı olan “Şah­dəniz”in rolu xüsusi qeyd olunur. Eyni zamanda, 2023-cü ildə istismara daxil edilmiş “Abşeron” yatağının birinci iş­lənmə mərhələsi çərçivəsində bu il 1,5 milyard kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. Cari ilin sonunadək “Azəri-Çıraq-Günəşli” yataqlar blokun­da “Dərin qaz” adlandırılan layihə çərçi­vəsində də ilk qaz əldə olunacaq. 

Heç şübhəsiz, ölkəmizin potensialı sadaladımız yataqlarla kifayətlənmir. Məlum olduğu kimi, bu il “Abşeron” qaz yatağının ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarının verilməsi nəzərdə tutulur. Bu layihənin reallaş­dırılması ilə “Abşeron” yatağında illik hasilatın həcmi 5 milyard kubmetrə çatdırılacaq. Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda yer­ləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Ba­bək”, “Naxçıvan” və “Qarabağ” yataq­larının da potensialı olduqca yüksək qiymətləndirilir. Ölkə Prezidenti məlum müsahibəsində bu məqama toxunaraq deyib ki, mən vaxtilə 100 il bundan sonra da Azərbaycanın tərəfdaşlar üçün önəmli ölkə olacağı ilə bağlı fikir bildirəndə məhz bunu nəzərdə tutur­dum: “Əlbəttə ki, bu, bizim böyük na­iliyyətimizdir. Bu, bizə böyük dividend­lər gətirir, həm iqtisadi, həm də təbii ki, siyasi. Çünki sirr deyil ki, qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərin­dən ön plandadır. Bizim üstünlüyümüz məhz ondadır ki, biz böyük yatırım qoyaraq müasir qazpaylayıcı şəbəkə yaratmışıq. Resurs bazamız kifayət qədər böyükdür və artacaq. Avropada tələbat da mütləq artacaq. Çünki on­lar nə qədər yaşıl enerjiyə keçid etmək istəsələr, yenə də təbii qaza ehtiyacla­rı olacaq”.

Sonda bir məqamı da qeyd edək ki, Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanaca­ğından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təmi­natında mühüm rol oyanayacaq.

Mirbağır YAQUBZADƏ
XQ





İqtisadiyyat