Zəngəzur dəhlizi 2029-cu ildə yekunlaşacaq – Türkiyənin nəqliyyat naziri

post-img

Türkiyə 2029-cu ilə qədər Zəngəzur dəhlizinin yaradılması layihəsinin həyata keçirilməsinə ümid edir. Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

“Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumilikdə bu dəhlizin yaradılması prosesi 5 il çəkəcək. Yəni, düşünürəm ki, 2028-ci ildə biz bütün işləri tam başa çatdıracağıq”, - Uraloğlu Türkiyənin “tv.net” kanalına müsahibəsində bildirib.

Nazir deyib ki , Ermənistan ərazisindən keçən hissə istisna olmaqla, Horadizdən Ordubada ( Naxçıvan MR ) qədər olan hissədə tikinti işləri davam edir: “Naxçıvan MR-i Türkiyə ilə birləşdirən 100 km-ə yaxın mövcud yolun yenidən qurulması tələb olunacaq. Onun davamı İğdır-Qars dəmir yolu olacaq, artıq tender prosedurları aparılıb, tikintisinə bu il başlanacaq”.

İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə toxunan nazir vurğulayıb ki, belə bir təşəbbüs ilk dəfə irəli sürüləndə Ermənistan tərəfi bu layihənin Ermənistana faydası barədə danışsa da, sonra mənfi reaksiya verib: “Lakin bu yaxınlarda Paşinyan ( Ermənistanın baş naziri - red.) bu dəhlizlə bağlı müsbət mesajlar verdi. Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 km-dir. Onlar dəhlizin planlaşdırılması və tenderləri aparmalı olacaqlar. Beləliklə, Türkiyə türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”.

O, qeyd edib ki, İran öz ərazisində  Ermənistandan yan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun tikintisi təşəbbüsü ilə çıxış edib: “Biz Zəngəzur dəhlizi layihəsini həyata keçirəcəyik, lakin İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycan arasındakı bu əlaqənin bir hissəsi olmasına etiraz etmirik. İran tərəfi ilə danışıqlar və görüşlər davam edir. Biz bu layihənin reallaşacağını gözləyirik".

P.ƏMİRCANOV
XQ

İqtisadiyyat